"Qələbəyə görə "Baku Sportinq"i təbrik edirəm. Onlar üçün çox vacib 3 xal oldu. Oyuna yaxşı hazırlaşmışdıq. Komandanın oyunundan və futbolçuların performansından razıyam". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.
49 yaşlı mütəxəssis komandasının liqanın 21-ci turunda "Baku Sportinq"ə məğlub olduğu oyunu şərh edib:
"Sadəcə olaraq, Buzovna qəsəbə stadionununda meydançanın durumu bərbad idi. Belə vəziyyətdə hansısa baxımlı oyundan söhbət gedə bilməzdi. Meydanda yalnız uzun ötürmələr və mübarizə var idi. Komandamız qol epizodları yaratdı, amma istifadə edə bilmədik. Görüşün qırılma nöqtəsi ilk hissədə qapımıza təyin olunan iki penalti oldu. Hakim oyunu ideal idarə etdi. Yəni, təyin olunan penaltilərə etiraz etmirik. 4 oyundur uduzmurduq. Dediyim kimi, meydançanın durumu qarşılaşmanın nəticəsini həll etdi".
Qeyd edək ki, "Baku Sportinq" - MOİK qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.