Misli Premyer Liqasında II turun dörd qarşılaşması arxada qaldı.

Turun tam mənzərəsini isə təxirə salınan iki oyun səbəbindən hələ tam görmək mümkün deyil.

Buna baxmayaraq, keçirilən matçlar bir neçə maraqlı məqamı üzə çıxardı: "Şəfa"nın ilk qələbəsi, "Zirə"nin uğurlu startı, "Neftçi"nin növbəti böyük hesablı qələbəsi və "Turan Tovuz" – "Şamaxı" görüşündə mübahisəli hakim qərarı.

"Qəbələ" – "Şəfa" – 0:1

Turun pərdəsi Qəbələdə açıldı və günün ilk sürprizi də məhz burada yaşandı. Premyer Liqaya yeni yüksələn "Şəfa" səfərdə "Qəbələ"ni minimal hesabla məğlub edərək ilk üç xalını qazandı. Meydan sahiblərinin isə bu nəticədən sonra öz oyunları barədə ciddi düşünmələri lazım gələcək. "Qəbələ"nin nümayiş etdirdiyi futbol bölgə təmsilçisinin real potensialını göstərməkdən hələ çox uzaqdır. Baş məşqçi Kaxaber Sxadadzenin qarşısında komandanı mümkün qədər tez toparlamaq və oyuna yeni nəfəs gətirmək vəzifəsi dayanır. Əks halda uğursuz nəticələrin davamı təzyiqi daha da artıracaq. "Şəfa" isə ilk mövsümündə əsas hədəfinin elitada qalmaq olduğunu gizlətmir və bu qələbə həmin məqsəd üçün əla başlanğıcdır. Hələ mövsümün əvvəlidir, amma "Şəfa"nın autsayderlər arasında asanlıqla təslim olmayacağı artıq görünür.

"Zirə" – "İmişli" – 3:1

"Zirə" avrokuboklarla vidalaşdıqdan sonra diqqətini tamamilə daxili çempionata yönəldib və Premyer Liqada ardıcıl ikinci qələbəsini əldə etdi. "Qartallar" bu dəfə "İmişli"ni 3:1 hesabı ilə məğlub edərək turnir cədvəlində yuxarı pillələr üçün iddiasını göstərdi. Komandanın startı kifayət qədər yaxşıdır və iki turdan sonra maksimum nəticə əldə etməsi də bunun göstəricisidir. Bununla belə, daha yüksək hədəflər üçün heyətin bir qədər də gücləndirilməsi "Zirə"nin xeyrinə olacaq. Mövsüm uzundur və bu marafonda sabit qalmaq asan deyil. "İmişli" isə hələ öz futbolunu tapmaqda çətinlik çəkir. Bu görüntü davam edərsə, yeni mövsümdə autsayderlər qrupunda yer almaq ehtimalı yüksəkdir.

"Turan Tovuz" – "Şamaxı" – 0:0

Turun yeganə qolsuz qarşılaşması Tovuzda keçirildi, amma bu oyunun yadda qalmasının səbəbi hesab yox, mübahisəli hakim qərarı oldu. "Turan Tovuz" cərimə zərbəsindən baxımlı qol vurdu, lakin epizod qeydə alınmadı. Meydan sahiblərinin paylaşdığı görüntülərdən isə topun qapı xəttini keçdiyi təəssüratı yaranır. Əgər bu görüntülər doğrudursa, belə qərarın II turda gündəmə gəlməsi Azərbaycan futbolu adına arzuolunan deyil. Mövsümün əvvəlində hakimliklə bağlı müzakirələrin artması heç kimə fayda vermir. "Turan Tovuz" üçün iki xal itkisi kimi görünən bu məqam qarşıdakı günlərdə daha çox müzakirə edilə bilər. "Şamaxı" isə səfərdə qapısını toxunulmaz saxlayaraq xalını götürüb evə qayıtdı.

"Neftçi" – "Araz-Naxçıvan" – 5:0

Və nəhayət, "Neftçi"! "Ağ-qaralar" yeni mövsümə sadəcə yaxşı yox, möhtəşəm başlayıblar. İlk turda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edən "Neftçi" bu dəfə "Araz-Naxçıvan"ın qapısından beş top keçirdi. 8 qol, cəmi bir buraxılan top – iki turdan sonra "Neftçi"nin startı haqqında bundan daha yaxşı nə demək olar? Komanda hücumda həm məhsuldarlığı, həm də oyun iştahı ilə diqqət çəkir. Görünən odur ki, "Neftçi" bu mövsüm çempionluq mübarizəsində ciddi söz demək niyyətindədir. "Araz-Naxçıvan" isə yay fasiləsində böyük dəyişikliklərə məruz qalıb və yeni kollektivin öz oyununu tapması üçün zamana ehtiyacı var. Hələlik Naxçıvan təmsilçisinin çıxışı istənilən səviyyədən uzaqdır və qarşıdakı turlarda vəziyyəti dəyişmək üçün ciddi iş görülməlidir.

Qeyd edək ki, II turun "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" qarşılaşmaları təxirə salınıb. "Sabah" UEFA Çempionlar Liqasında, "Qarabağ" isə UEFA Konfrans Liqasında mübarizəsini davam etdirdiyi üçün oyunların təxirə salınması ilə bağlı PFL-ə müraciət edib. Qurum da bu müraciətləri nəzərə alaraq qarşılaşmaların başqa tarixdə keçirilməsinə qərar verib.