Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrənin start veriləcək. Sport24.az xəbər verir ki, paytaxtı əhatə edəcək VIII tur iki gündə iki qarşılaşmayla baş tutacaq. 

İkinci dövrə Masazırda start götürəcək. Belə ki, qələbəsiz yeganə komanda “Sabah” son 5 turda buna həsrət qalan “Sumqayıt”ı qəbul edəcək. Meydan sahibləri Ramin Quliyevin istefasından sonra baş məşqçisiz qalıb. Bu matça komandanı meydana onun köməkçiləri çıxaraq ki, baş məşqçi əvəzi İlkin Hüseynov olacaq. “Sabah” üçün bədbinliyə əsas verən digər məqam statistika ilə bağlıdı. Belə ki, bu komanda “Sumqayıt”a hələ də evdə qalib gələ bilməyib. “Kimyaçılar” Masazırda rəqibinə qarşı keçirdiyi 5 matçın 3-də qələbə qazanıb, 2-də heç-heçə edib.O da maraqlıdı ki, "Sumqayıt" ikinci turda evdə "Sabah"ı 2:0 hesabıyla məğlub edəndən sonra qalib gələ bilmir. 

Günün digər qarşılaşması turu  mərkəzi matçı olacaq. Belə ki, turnir cədvəlində liderlər qrupunda olan “Neftçi” ilə “Zirə” "Bakcell Arena"da qarşılaşacaq. Son iki görüşdə rəqibinə qalib gəlməyi bacaran “ağ-qaralar” lider "Qarabağ"la xal fərqinin böyüməməsi üçün mütləq 3 xal qazanmalıdı. Lakin “Zirə” də çempionu məğlub edərək, turnir cədvəlində onu geridə qoymaq əzmindədi.

Sabah "Keşlə"ylə "Qəbələ" görüşəcək. Sənan Qurbanovun komandası son 3 oyunda məğlubiyyət nə olduğunu bilmir. Adıçəkilən gənc mütəxəssis bu uğurlu seriyanı davam etdirmək üçün keçmiş komandasını yenməlidi. "Qəbələ" isə turnir cədvəlində ən aız 2-ci pilləni qaytarmağa çalışır. Elmar Baxşıyevin komandası son 2 turda qələbə üzünə həsrət qalıb.

Tura birigün liderin görüşüylə yekun vurulacaq. "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində "Kayrat"la ağır matçdan sonra ağır qazonda sınağa çıxacaq. Məlumdu ki, "Səbail"in süni örtüklü meydançası bərbəd vəziyyətdədi vəhətta  bundan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da saytımıza geniş müsahibəsində şikayətlənmişdi. Belə olan halda, təcrübəli mütəxəssisin zədənin mümkünlüyünə görə aparıcı futbolçularını qoruyacağı gözlənilir.  

 

Azərbaycan Premyer Liqası
VIII tur
23 oktyabr (şənbə)
16:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: 
İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov
“Bank Respublika Arena” stadionu

Birinci dövrədəki matç - 0:2

18:15. “Neftçi” – “Zirə”
Bakı. “Bakcell Arena” stadioni

Birinci dövrədəki matç - 2:1

24 oktyabr (bazar)

16:00. "Keşlə" - "Qəbələ"

Bakı. "ASK Arena" stadionu

Birinci dövrədəki matç - 1:2

25 oktyabr (bazar ertəsi)

19:00. "Səbail" - "Qarabağ"

Bakı. "ASCO Arena" stadionu

Birinci dövrədəki matç - 0:3