"Sabah" Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandası ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, "Bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə püşkü dəyərləndirib:

 

"Hər rəqibə hörmətlə yanaşırıq. TNS ölkəsində dəfələrlə çempion olmuş, uzun illərdir dominantlıq edən komandadır. Düşünürəm ki, necə oynamağından asılı olmayaraq, onlar hər matça qalib gəlmək düşüncəsi ilə çıxırlar. Belə oyunlara maksimum hazırlıqlı olmaq lazımdır. 

 

Püşkatmada bizə hansı komandanın düşməsi o qədər də vacib deyil. Əsas məsələ bizim hazırlıq səviyyəmiz, hansı formada olmağımız, nə qədər istəkli və intizamlı çıxış etməyimizdir. 

 

Rəqibin kim olmasından asılı olmayaraq, oyuna yaxşı hazırlaşmalısan. Bu gün hamı futbol oynamağı bacarır. Sadə səslənə bilər, amma reallıq budur. Evdə və səfərdə hər şey baş verə bilər. Toplanış dövrünə düzgün yanaşmaq, peşəkar münasibət və mövsümə uğurlu başlamaq lazımdır. Yoldaşlıq oyunlarında üslubumuzu yeniləməliyik. Oyunumuza yeni komponentlər əlavə etməliyik. Əvvəlcə sahib olduğumuz keyfiyyətləri daha da inkişaf etdirməliyik. Bunlar yerində olanda, nəticə də öz-özünə gəlir".

 

"Sabah" ilk oyunu 7-8 iyulda Bakıda, cavab görüşünü isə 14-15 iyulda səfərdə keçirəcək.