"Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub edərək növbəti mərhələyə yüksəlməsi üçün hər cür imkanı var".

 

Bu sözləri Sport24-ə açıqlamasında Azərbaycan millisinin və "Qarabağ" klubunun sabiq futbolçusu Branimir Subaşiç deyib.


O, Ağdam təmsilçisinin avrokuboklardakı çıxışını dəyərləndirərkən komandanın növbəti mərhələyə yüksəlmək üçün kifayət qədər potensiala malik olduğunu bildirib.

 


"Qarabağ" artıq Avropada tanınan və hörmət edilən komandadır. Klub uzun illərdir beynəlxalq arenada çıxış edir, vacib təcrübə toplayıb və güclü rəqiblərlə mübarizə aparmağı bacarır. Əlbəttə, avrokuboklarda zəif rəqib olmur və hər komandaya ciddi yanaşmaq lazımdır. Ancaq hesab edirəm ki, "Qarabağ"ın hazırkı heyəti və oyun səviyyəsi növbəti mərhələyə yüksəlmək üçün kifayətdir".


Sabiq futbolçu komandanın baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında illərdir sabit oyun nümayiş etdirdiyini və bu amilin də uğur qazanmaq baxımından önəmli rol oynadığını qeyd edib:

 

"Mən inanıram ki, futbolçular məsuliyyətin fərqindədirlər və azarkeşləri sevindirəcək nəticə əldə edəcəklər. Düşünürəm ki, "Qarabağ" bu rəqibi keçəcək və növbəti mərhələdə də uğurlu mübarizə aparacaq".
Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda baş tutacaq.

 


Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.