"Xankəndi" klubunun futbolçusu Bəhruz Teymurovun Sport24.az-a müsahibəsi

- Komandanız "Qaradağ Lökbatan"la birlikdə II Liqada çempionluq uğrunda mübarizə aparır. Rəqib aşağı liqada təcrübəli kollektivdir. I Liqaya vəsiqə qazana biləcəksiniz?
- ⁠Bizim bir məqsədimiz var. O da çempion olmaqdır. I Liqaya vəsiqə qazanmaq istəyirik. Buna nail olacağımıza da inanırıq.

- Bu gün II Liqada "Qaradağ Lökbatan"la üz-üzə gələcəksiniz. Oyun haqqında nə deyə bilərsən?
- ⁠Bu qarşılaşmaya yaxşı hazırlaşmışıq. Ağır oyun olacaq. Bu görüşü qalibiyyətlə başa vurmağı hədəfləyirik.

- Cari mövsüm 16 qol vurmusan. Bu performansla kiməsə mesaj göndərirsən?
- ⁠Bombardir olmaq mənim üçün o qədər də önəmli deyil. I Liqada dəfələrlə bombardir olmuşam. Çempionluqlar da yaşamışam. Bütün titulları da almışam.

- Uzun müddət I Liqada çıxış etmisən. Hazırda oynadığın çempionatla nə kimi fərqlər var?
- II Liqa mənə çox maraqlı deyil. Sadəcə, komandanı çempion etmək və I Liqaya qaldırmaq istəyirəm. Oradan da Premyer Liqaya yüksəlmək niyyətindəyik. Məqsədimiz budur.

- Ötən mövsümü xatırlamağını istəyirəm. "Karvan-Yevlax"da səni niyə saxlamadılar?
- ⁠Mənim bu klubla, rəhbərliklə pronlemim yox idi. Yeganə problemim hazırda vitse-prezident olan Kənan Kərimovla oldu. Komandanı Premyer Liqaya çıxartdıq. Mənə "Şəfa"da oynamağı məsləhət gördü. O deməmişdən əvvəl də "Şəfa"dan təklif gəlmişdi. Pul məsələlərinə görə getməli olduğumu dedi. O söhbətdən sonra "cırnadım", komandadan ayrıldım. "Şəfa"ya da getmədim, "Xankəndi"yə gəldim.

- "Karvan-Yevlax" Premyer Liqada yaxşı çıxış etmir. 21 turdan sonra cəmi 6 xal toplaya biliblər və sonuncu yerdədirlər. Səncə problem nədir?
- ⁠Demək olar ki, ötənilki komandanı təmiz dağıtdılar. Bizim vaxtımızdakı kollektiv indikindən 3, bəlkə də 5 qat güclüdür. Həmin vaxt uşaqlar meydanda can qoyurdular. Torpaqlıqda, torpaq yeyə-yeyə oynayırdılar. Ötən il meydan da bərbad idi. Şəraitimiz yaxşı deyildi. Klubdan göndərdikləri oyunçuların hamısının əziyyəti olub.

- Heyətə legionerlər də cəlb olunub…
- ⁠Onların heç biri bir qəpikli futbolçu deyil. Bütün Azərbaycan, media, futbola baxanlar, bir sözlə hər kəs gülür. 10-dan çox legioner gətirmişdilər. Heç biri işə yaramır. 3-4 yaxşı, azərbaycanlı, karyeraları olan futbolçular var. Ad çəkmək istəmirəm. Amma qalan hamısını apar tulla.

- Görünən odur ki, bu klub sənin üçün bitib?
- ⁠12 ildir ki, öz rayonumda oynamırdım. Başqa komandalarda çıxış edirdim. Öz bölgəmin təmsilçisi ilə Premyer Liqaya vəsiqə qazandım, məni də klubda istəmədilər. Bir il bu komandada oynadığım üçün fəxr edirəm. Komandanı Premyer Liqaya mən çıxartdım desəm, yanılmaram. Yeni gələn legionerlər də sağ olsunlar. Görünən odur ki, komanda 99 faiz Premyer Liqanı tərk edəcək.