"III turdakı rəqibimiz "Şimal" turnir cədvəlinin aşağı pillələrində qərarlaşsa da, onlara qarşı oynamaq çox çətindir. Kompakt şəkildə müdafiə olunurlar və hər rəqibə qarşı xüsusi plan hazırlayırlar". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçi Füzuli Məmmədov deyib.

Təcrübəli mütəxəssis komandasının Birinci Liqanın 3-cü turunda "Şimal"a qalib gəldiyi oyunla bağlı fikirlərini bölüşüb.

"4:1 hesabı ilə qalib gəlsək də, oyun bizim üçün heç də asan keçmədi. Matçın gedişində rəqib hesab arasındakı fərqi minimuma endirə bildi. Belə qarşılaşmalara futbolçuları psixoloji cəhətdən kökləmək çətin olur. İkinci hissədə bəzi dəyişikliklər etdikdən sonra hesab arasındakı fərqi artıra bildik. Belə rəqiblərlə oyunlara ciddi yanaşmasan, xal itirə bilərsən. Futbolçularım verdiyim tapşırıqları yerinə yetirə bildilər. 3 oyuna 3 qələbə qazanmışıq. Mövsüm başlamazdan əvvəl kollektivə ilk 3 turda qalib gəlməyin vacibliyini bildirmişdik. Hədəfimiz çempionluqdur".

Məmmədov milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən də maksimum yararlanmağa çalışacaqlarını bildirib:

"Milli komandaların oyunları ilə əlaqədar çempionatda fasilə yaranıb. Bundan istifadə edərək digər futbolçuların oyun praktikasını artırmaq üçün xüsusi plan hazırlamışıq. Fasilədə 2 yoldaşlıq matçı keçirməyi planlaşdırırıq. Bəzi çatışmazlıqlarımız var. Onları aradan qaldırmaq üçün bu fasilə bizim işimizə yarayacaq".


Qeyd edək ki, "Şahdağ Qusar" Birinci Liqada keçirdiyi 3 oyunun hamısından qələbə ilə ayrılıb. Qusar təmsilçisi 9 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.