"Gərgin qarşılaşma keçdi. Qərb derbisi həmişə maraqlı olur. Hər iki komandanın qol epizodları çox idi. Əfsuslar olsun ki, hesabı qoruya bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Fərid Nəbiyev deyib.
Yarımmüdafiəçi Misli Premyer Liqasının 23-cü turunda "Turan Tovuz"la heç-heçə etdikləri oyunu şərh edib:
"Turan Tovuz"a qarşı görüşdə 1 xal qazanmaq pis nəticə deyil. Mövsüm ərzində itirdiyimiz xallar öz səhvlərimizdən olub. Getdikcə komandamız daha yaxşı oynayır. Futbolçular bir-birini əla başa düşür. Heyətimiz pis deyil. Klubun rəhbərliyi və məşqçilər heyəti oyunçulara dəstəkdir. Bunun davamını gətirib mövsümü daha üst pilləfə başa vurmaq istəyirik. Zaman keçdikcə əvvəlki formamı qaytarıram. İnşallah, daha yaxşı olacam. İndidən komandamızın elitada qalmağımız dəqiqləşib desək, tez olar. Biz Premyer Liqada qalmaq üçün yox, mövsümü daha yuxarı pillədə başa vurmaq niyyətindəyik".
Qeyd edək ki, Qərb derbisi 1:1 hesabı ilə başa çatıb. Bu oyundan sonra Gəncə klubu 18 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.