(Əvvəli bu linkdə)
(II seriya)
Parisin nəinki hər divarı, hər daşı, hətta hər çınqılı da özündə Avropa tarixini ehtiva edir. Fransa paytaxtına qədəm basmısansa Luvr muzeyinə baş çəkməmək mümkün deyil. II Filipin XII əsrdə İngiltərə ilə aramsız müharibələr dövründə Sena çayının üzərində Luvr qalasını tikdirdiyi dövrdə XXI əsrdə milyonlarla insanın artıq muzey obrazında görməyə axışacağını əlbəttə ki, heç kim ağlından keçirə bilməzdi.
Luvr yalnız 1793-cü ildən muzey statusu aldı. Həmin vaxt orada 700-ə yaxın incəsənət əsəri var idi. Bundan sonra nələrə şahidlik edib Luvr, nələrə!? Muzey yanğına da məruz qalıb, müxtəlif reatavrasoyalara da. Sonuncu "əlgəzdirmə" 1989-cu ilə təaadüf edir. Luvrda yaradılan tikili məşhur Xeops piramidasını xatırlatsa da, yerli əhalini razı salmadı. Orasını deyə bilmərəm, "İçərişəhər" metrostansiyasının layihəsini də Fransanın ovaxtkı prezidenti Fransua Miterana təqdim edən Bey Yuymin olub ya yox. Hər halda 2008-ci ildə 91 yaşı olan çinəsilli amerikalı sağ idi. Kimə maraqlı gəlsə, Hacıbala Abutalıbovdan maraqlansın…
Müxtəlif dövrlərdə çoxsaylı "əlgəzdirmələr" müasir zamana yalnız III Napoleonun apartamentlərinin olduğu formada gəlib çıxmasına imkan verib. Ancaq əzəməti silmək mümkün deyil. Elə "Mona Liza" və "Venera Milosskaya"nı qeyd etmək kifayətdir ki, Luvru görmək arzuya çevrilsin.
Notr-Dam de Pari - Fransa paytaxtının daha bir simvolu. Parisin ilk xristian - Müqəddəs Stefan kilsəsinin ərazisində tikintisi təqribən 2 əsrə yaxın (XII - XIV əsrlər) davam edib. Yolunuz Parisə düşsə, mütləq bu monumental tikilini ziyarət edin. Ziyarətçilər üçün kilsənin qarşısında mini-tribuna da düzəldilib: kimisi dincəlir, kimisi dua edir…
Paris barədə danışarkən, taksi sürücülərinin demək olar ki, hər birinin ölkəmizi tanıması olduqca xoş oldu. Əlbəttə ki, üzümüzü ağardanların hesabına: "Ooo, Azerbayjan? "Karabağ!". Nahara hotelə qayıdası olsaydıq, Parisin bir günlük də olsun dadını çıxara bilməzdik: sendviç və yola davam. Elə kassada da kiçik, ancaq olduqca qürurverici dialoqumu da sizlərlə bölüşməliyəm.
- Kassir (ingiliscə): Qafqazdansınız məncə.
- (gülümsəyərək) Bəli.
- Özü də Azərbaycandan!
Təəccübümü gizlədə bilmirəm. Kassir isə "Bakıda xidmət etmişəm", deyərək dialoqu ruacaya çevirdi.
- Özüm İnquşetiyadanam. Sizin ləhcənizi heç vaxt unutmaram. Çox istiqanlısınız. Turistsiniz yoxsa işlə əlaqədardı?
- Jurnalistəm. Sabah millimiz Fransayla oynayır.
- Bilirəm-bilirəm. İnşallah, xalla ayrılarsınız.
- Ağır məsələdi.
- Qarabağı qaytaran xalqsınız! Qafqaz cəsarəti heç bir yerdə yoxdu!
… Vaxt gəldi, vədə yetişdi. Ayxan Abbasovun mətbuat konfransı kifayət qədər məhsuldar alındı: istər sual, istərsə də cavab baxımından. Bunun da başlıca səbəbi baş məşqçinin "nağıl danışmağa" meylli olmamasıdı. Daha sonra menyumuza "açıq məşq" - yüngül qaçış və topla heç bir taktikanı açmayan hərəkətlər əlavə olundu.
Parisin əvvəlki gecə gəzintisi və günün yorğunluğu bu dəfə hotelə nisbətən tez qayıtmağımızı şərtləndirdi.
Bu gün isə "Park de Prens"də səfərimizin ali məqsədinə şahidlik edəcəyik. Bəli, əsas ümidimiz möcüzəyədi. Futbolçularımızdan istədiklərimiz sadədi: nəticədən asılı olmayaraq final fitinədək mübarizə aparın! Necə ki, Ukrayna ilə bunu etdiniz. Həmin görüşü uduzsaydınız da ruhsuz olduğunuzu heç kəs iddia edə bilməzdi. Bəli, futbolçu döyüşçü deyil ki, döyüşsün, ancaq Vətən qarşısında sonadək mübarizə aparmağa borcludu. AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə baş tutan səfərdə bu, hələ son yazı deyil. Hələlik isə… Oyunun startına 11 saatdan bir qədər az vaxt qalmış 11 futbolçumuzdan 11 cəngavər mübarizəsi ümidi ilə bugünkü yazıya nöqtəni qoyuram.