Milli komandalara rəhbərlik edən ən çox maaş alan on futbol məşqçisinin siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

 

Siyahıya Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti (9,5 milyon avro) başçılıq edir. İlk "üçlük"də Tomas Tuxel (İngiltərə, 5,9 milyon avro) və Julian Nagelsmann (Almaniya, 4,9 milyon avro) yer alıb.

 

Reytinqdə dördüncü yeri başqa bir italyan tutur. İki gün öncə Özbəkistan millisinin "sükanı arxasına" keçən Fabio Kannavaronun məvasibi bir ilə 4 milyon avro təşkil edəcək. Roberto Martines də Portuqaliya millisində eyni maaşı alır.

 

"10-luq"da Didye Deşam (Fransa, 3,8 milyon avro), Marselo Bielsa (Uruqvay, 3,5 milyon avro), Ronald Kuman (Niderland, 3 milyon avro), Qustavo Alfaro (Paraqvay, 2,5 milyon avro) və Lionel Skaloni də (Argentina, 2,3 milyon avro) yer alıb.

 

İtaliya mətbuatının məlumatına görə, İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo ildə 800 min avro qazanır və komanda dünya çempionatına vəsiqə qazanacağı halda 1 milyon avro bonus alacaq.