Ötən gün "futbol mərbəximiz"də xeyli "qazan asıldı". Həm AFFA prezidentinin adı rəsmən açıqlandı, həm İcraiyyə Komitəsinin üzvləri təsdiqləndi, həm icraçı vitse-prezident, həm də digər "vitse"lər məlum oldu. İndi futbol ictimaiyyətini "millinin baş məşqçisi kimi olacaq" sualına cavab maraqlandırır. Rusiya mətbuatının tirajladığı xəbərlərdə ön sırada adı çəkilən Stanislav Çerçesovdu.


Nəzərə alsaq ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf ötən gün təyinatına həsr olunan mətbuat konfransında baş məşqçi məsələsinə ən qısa zamanda aydınlığın gələcəyini bildirdi, deməli, bu açıqlamayadək "heç kimlə danışıq aparılmır" deyən AFFA rəsmiləri ya yalan danışıb, ya da onlarla hesablaşan olmayıb.


Çerçesov məsələsində isə daha bir ştrix üzə çıxıb. Stanislav Salamoviç yaxın çevrəsindən millimizin bazasının olub-olmaması ilə maraqlanıb. Ona "Dalğa Arena" barədə müfəssəl məlumat verilib. Doğrudu, Murad Musayevin, hətta Kurban Berdıyevin təyinatı da mümkün variantlar sırasındadır, amma Rusiya millisinin sabiq baş məşqçisi versiyası daha realdır.


P.S. Bir neçə gün öncə ölkə mətbuatını Rusiyanın "Lada" avtomobillərinin Bakıda yığılacağına dair xəbərlər bəzəmişdi. Avtomobildən sonrakı addım Rusiyadan gətiriləcək məşqçi olacaq?