"Püşk bəlli olan gündən etibarən də aydın görünürdü ki, bu cütün favoriti "Zirə"dir". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis "Zirə"nin Gürcüstan"Torpedo"suna üç cavabsız qolla qalib gəldiyi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Komandaların güc nisbəti və heyət keyfiyyəti bunu deməyə əsas verirdi. İlk oyunda da "Zirə" gözləntiləri doğrultdu və rəqibinə qarşı üstün futbol nümayiş etdirdi. Qələbə komanda üçün elə də çətin başa gəlmədi. Matç ərzində futbolçuların fərdi ustalığı və oyun səviyyəsi arasındakı fərq açıq şəkildə hiss olunurdu. "Zirə" həm topa nəzarətdə, həm də hücumların qurulmasında rəqibindən üstün idi. Müdafiədə də inamlı çıxış edən kollektiv rəqibə ciddi qol imkanları yaratmağa imkan vermədi. Hesab oyunun məntiqi nəticəsi idi və "Zirə" cavab görüşü öncəsi böyük üstünlük qazandı. Fikrimcə, komanda növbəti mərhələyə yüksələcək".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.