Mərakeş millisinin futbolçusu Brahim Dias Fransa ilə keçiriləcək dünya çempionatının 1/4 final oyunu öncəsi fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 26 yaşlı futbolçu Madrid klubundakı komanda yoldaşları Kilian Mbappe və Aurelien Tçuameni ilə oyunöncəsi söhbətlərindən danışıb:
"Mbappe və Tçuameni ilə danışdıq, bir-birimizə uğurlar arzuladıq. Amma sabah rəqib olacağıq. Hamımız meydana qələbə üçün çıxacağıq".
Dias Mərakeş millisinin turnirdə böyük işlər görə biləcəyinə inandığını vurğulayıb:
"Komandama tam güvənirəm. Heyətimizdə böyük turnirlərin təcrübəsini yaşamış futbolçular var. Qalib gəlmək üçün lazım olan hər şeyə sahibik. Turnirin əsas favoritlərindən birinə qarşı oynayacağıq, lakin biz də iddiamızı ortaya qoymuşuq".
Turnir ərzində aktivinə 4 məhsuldar ötürmə yazdıran yarımmüdafiəçi şəxsi statistikanın onun üçün arxa planda olduğunu vurğulayıb:
"Mənim üçün əsas məsələ komandanın qələbəsidir. Qolu kimin vurması və ya assisti kimin etməsi önəmli deyil. Vacib olan yeganə şey komandamızın növbəti mərhələyə adlamasıdır".
Brahim komanda yoldaşı Əşrəf Hakimi barədə də xoş sözlər səsləndirib.
"Hakimi bizim kapitanımızdır. Onunla eyni komandada oynamaq böyük zövqdür. Belə futbolçuya sahib olmaq qürurvericidir."
Təcrübəli oyunçu sonda dünya çempionatında çıxış etməyin uşaqlıq arzusu olduğunu qeyd edərək, gənc futbolçulara xəyallarının ardınca getməyi tövsiyə edib.