Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə müqaviləsi başa çatan braziliyalı yarımmüdafiəçi Fabinyo karyerasını yenidən "Real"da davam etdirə biləcəyinə işarə vurub. Sport24.az xəbər verir ki, hazırda azad agent statusunda olan 32 yaşlı futbolçu İspaniyaya səfəri zamanı gələcəyi ilə bağlı açıqlama verib:

"Kim "Real" oynamaq istəməz? Bu, dünyanın ən böyük klubudur. Hazırda heç bir komanda ilə razılığım yoxdur. Agentlərimlə danışacağam və gələcəyimlə bağlı qərar verəcəyəm", - deyə Fabinyo bildirib.

Qeyd edək ki, braziliyalı futbolçu 2012/2013 mövsümündə "Real Madrid Kastilya"da icarə əsasında çıxış edib və əsas komandada da bir oyun keçirmək imkanı qazanıb. O, son olaraq "Əl-İttihad"ın formasını geyinib, daha əvvəl isə "Liverpul" və "Monako"da uğurlu çıxışı ilə tanınıb.