"Yaovi məşqdə yenidən zədələnməyib. Sadəcə, o, keçən il Türkiyədə çarpaz bağlarından əməliyyat olunanda, orda qığırdağı da götürmək vacibdi. Bunun isə çarpaz bağlarını götürüblər, qığırdağı yox. İndi bu, olundu. Niyə onda olunmadığı ilə bağlı sualı ordakı həkimlər daha yaxşı cavablandıra bilərlər". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev söyləyib.
"Qırmızı-qaralar"ın başa çatan müqaviləsini 1 illiyə uzatdığı toqolu cinah hücumçusu Yaovi Akakponun Bakıda diz qığırdağından keçirdiyi əməliyyat uğurlu alınıb. Akakpo 2021-ci ildə də əməliyyat olunmuşdu və bu səbəbdən demək olar ki, ötən mövsümü boşa vermişdi. Baxşıyevin sözlərinə görə, legionerinin problemi həll olunmalı bilərmiş, amma o, iki dəfə cərrah bıçağı altına uzanmalı olub: "Adi bir əməliyyatdı, hansında ki qığırdağı qaşıyırlar. Həmin dönəmdə götürəndə, heç bir problem yaranmır. Amma bunu sonraya saxlayırsansa, futbolçuya eyni ağrıları verir. Yavovi yeni mövsümə hazırlığa gələndə məşqə çıxmadı. Gəzə-gəzə göründü ki, problemi var".
Məlumdu ki, "Qəbələ" Konfrans Liqasında təmsilçilərimizdən biri olaraq, iyulun 21-də ilk matça çıxacaq. Baxşıyev Akakponun 3-4 həftə sonra məşqlərdə çıxa biləcəyini deyildiğunu vurğulayıb. Yəni, böyük ehtimal Macarıstanın "Ferehvar" klubuyla görüşlərdə Yaovi iştirak etməyəcək. Bəs, onun yerinə transfer planlaşdırılır?: "Yox, sırf o mövqeyə transfer fikirləşmirik. Amma yarımmüdafiə və hücum xəttinə iki futbolçu götürməyi düşünürük. Bu yöndə hələ ki yenilik yoxdu ki, onun üzərində dayanmışıq. Fernan Torreslə artıq yollarımızı ayırmışıq. Stefan Vukçeviçlə bağlı isə əvvəlki vəziyətdi - cavab gözləyirik, paralel axtarışlarımızı da davam edirik. Təbii ki, yeni futbolçularımız burda - Qəbələdə hazırlığa qoşulsaydı, daha yaxşı olardı. Birbaşa Türkiyəyə gəlsə, onu yoxlama oyununa da buraxa bilməyəcəyik".
Xatırladaq ki, "Qəbələ" iyunun 15-dən doğma məkanda hazırlığa başlayıb və iyulun əvvəlində Türkiyənin Bolu şəhərinə təlim-məşq toplanışına yollanacaq.
MEHMAN SÜLEYMANOV