"Millimiz İslandiya və Fransaya qarşı inamlı çıxış etdi. Qorxmadılar, çəkinmədilər. Heyətin əsasən gənc oyunçulardan qurulduğunu görə bilərik". Bu sözləri Sport24.az-a açıqlamasında yığmanın sabiq futbolçusu Əfran İsmayılov deyib.
Veteran futbolçu yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Fransaya uduzduğu oyunla bağlı fikirlərini bölüşüb:
"Mustafa Əhmədzadənin Fransa ilə oyunda meydana daxil olması, Rəhman Daşdəmirovun "5-liy"in solunda mudafiədə yaxşı çıxış etməsi müsbət məqamlardır. Ayxan Abbasovun gəlişindən sonra komandaya istək gəlib. Fransanın gücündən danışamağa dəyməz. İslandiya isə bizdən çox rahat oynadı. Ayxan müəllim taktiki-texniki problemləri həll etdikcə, daha yaxşı Azərbaycan millisi görəcəyik. Canni De Byazi, Fernando Santuş kimi məşqçiləri də gördük. Ayxan Abbasovla yola davam edilməlidir. Komandada ab-havanı dəyişə bilib. Heyətdə gənc futbolçular var. Zamanla təcrübə yığacaqlar. Yerli mütəxəssis çoxdan təyin olunmalı idi. Şükür ki, gec də olsa, düzgün qərar verildi".
Qeyd edək ki, Azərbaycan – Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.