Premyer Liqamızda son tur lider dəyişikliyi ilə yadda qaldı. Belə ki, "Qəbələ" 5:0 hesablı qələbə qazanmasıyla topların daha yaxşı fərqinə görə 1-ci pilləni "Qarabağ"dan aldı. Turla bağlı "Mütəxəssis rəyi" rubrikasının qonağı seçdiyimiz AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevlə bu də digər məqamlarla bağlı söhbətləşdik. 

- Turun ümumi mənzərəsini bizə təsvir edərdiniz. Bu tur sizin gözünüzdə hansı planda fərqləndi?

- Bir şeylə fərqləndi ki, bu da "Qəbələ"nin 5:0 hesablı qələbəsi idi. Hesabın bu qədər böyük olacağını gözləmək olmazdı. Çünki "Səbail"in bu heyətlə, millinin keçmiş futbolçularının çoxluq təşkil etdiyi bu komandanın belə uduzması gözlənilməz idi. Ancaq belə tura baxsaq, liderlərin hər ikisi qələbə qazandı sakit bir formada, təzyiq altında keçməyən bir matçda. "Zirə"nin son pillədə gedən "Sabah" üzərində evdə qələbə çalacağını gözləmək olardı. Ancaq "Sabah" da yavaş-yavaş özünə gəlir. O sarıdan belə deyərdim ki, 1:1 hesabı oyuna görə oldu. 

- Hazırkı lider "Qəbələ"ylə bağlı sizin baxış bucağınız necədi ki, uğurlu çıxışı, belə şən, baxımlı futbol oynamasını nəylə bağlıdı? 

- "Qəbələ"nin həqiqətən göstərdiyi hücumameylli futbol, qollar təsadüfdən vurulmur, düşünülmüş kombinasiyalar. hücumlarında rəngarənglik var - bunları danmaq olmaz, 

- Bəs, ehtiyat skamyasının qısa olması, üstəlik də 2 əsas heyətin üzvünün ağır zədələnməsi "Qəbələ"nin qarşısına nə dərəcədə mane çəkə bilər?

- Skamyaya baxmaq mənasında bir şey var ki, "Qəbələ" avrokuboklarda çıxış eləmir "Qarabağ" kimi. Yəni, heyətdə rotasiyalar eləmək, 3 gündən bir oynamaq lazım gəlmir. Bir həftəlik bir yarışmada böyük bir futbolçu axınına da ehtiyac yoxdu. Mənə elə gəlir ki, bu heyət də yetərli ola bilər. Məsələn, Ülvu İsgəndərli hər oyunda qol vurur, əsas heyətə düşməyən bir futbolçudu, onu nəzərdə tuturam. 

- Ülvi bu çempionatda hər dəfə sonradan meydana çıxıb, cəmi 58 dəqiqə oynayıb və 3 qolla bombardirlər yarışında liderlər sırasındadı...

- Onu demək istəyirəm, məntiqlə götürürəm ki, belə bir futbolçu ehtiyatda oturursa, demək olarmı ki, onun skamyası zəifdi, yaxud kasaddı? Bunu da demək olmaz. Faktlarla, məntiqlə danışıram. Üstəgəl, belə bir çempionatda "Qəbələ"nin avrokuboklarda oynamamasıyla, həftədə 1 oyun qrafikiylə məncə, böyük bir problem yaşantısı olmaz. Ancaq bunun ikinci tərəfi də var ki, "Qəbələ" "Neftçi"ylə də başabaş oynadı. Deyirik ki, liderlərlə oynamayıb, ancaq son çempiondan səfədə xal aldı, özü də yaxşı oyunla. Yəni, burda təsadüf bir şey görmürəm. "Qəbələ" təsadüfən bur yerə gəlib düşməyib - oyunu var.

- İlk dövrənin sonunadək "Qəbələ"ni daha çətin sınaqlar gözləyir - səfərdə "Sumqayıt" və "Qarabağ"la, evdə "Zirə"ylə. Bundan sonra ona daha yaxşı qiymət belərik, yoxsa...?

- Bəli, "Qəbələ"nin ən yaxşı analiz eləmək üçündu bu matçlar - birincisi "Top klub" "Qarabağ"la, ikincisi ididalı "Zirə"ylə, üçüncü "oturuşmuş" heyətə malik "Sumqayıt"la oynayır. 

- "Qarabağ" qarışıq heyətlə, bir sıra əsas futbolçularına istirahət verərək "Sumqayıt"ı 2:0 hesabıyla məğlub etdi. Ancaq bu, elə də asan başa gəlmədi. Bunu əsas heyətinin olmamağıyla izah edərdiniz, yoxsa rəqib "dişini" göstərdi?

- Bu heyətin bir sıra futbolçularının oyun praktikasının olmaması tərəfindən belə görünürdü ki, ağır oldu. Ancaq "Qarabağ" nəticəyə oynayan bir komanda idi, nəticəyə də nail oldu. İlk hissə tam üstünlüyü ilə keçdi, fasilədən sonra "Sumqayıt" müqavimət göstərməyə çalışdı, ancaq rəqibi vaxtında qollar vurdu. Çətinlik ondan ibarətdi ki, "Qarabağ"ın bu heyətindəkilər oyun praktikası azdı deyə belə bir əziyyət çəkirlər. Hələ ki anlaşma o səviyyədə deyil, yeni futbolçular var, bunların bir-biriylə anlaşması, xətlər arasında əlaqə yüksək səviyyədə deyil. Bunun qaydasında olması üçün oyun praktikasının çox olması vacibdi. Az olanda, belə bir şeyə gətirib çıxarır. Ancaq ustalıq səviyyəsi ilə "Qarabağ" istədiyi nəticəni qazana bilir.

- Keçək son çempiona. "Neftçi" üçün avrokuboklardakı gərginlik arxada qaldı, indi heyətində də legionerlər çoxluq təşkil etdi. Çünki son vaxtlar 3 transfer ediblər - əcnəbi hücumçular. İndi həmkarınız Samir Abasov "baş sındırmalıdı" ki, legioner limitində vəziyyəti necə tənzimləyim. Bu ab-havayla "Neftçi" tədricən artırıb "Qarabağ"a çempionluq mübarizəsində yenə "əlcək ata biləcəkmi"?

- Deməzdim ki, həminki deyil komanda. Çünki "Neftçi" həmin "Qarabağ"la da oynadı bu mövsüm, əticə baxımınadn uduzdu, ancaq ikinci hissədə oyunuyla "dişini" göstərdi "Qarabağ"a. Bu sırada deyə bilmərəm ki, "Neftçi" həmin "Neftçi" olmayacaq. "Neftçi"nin rotasiya eləmək üçün dediyiniz oyunçu potensialı lap yuxarıdadı, "Qarabağ"a yaxın bir səviyyədədi. Ona görə bu mövsüm də - o biri komandaların xətrinə dəyməsin - bu ikisi çempionluq uğrunda mübarizəni davam etdirəcək. 

- Sizə elə gəlmir ki, "Neftçi" 5 yerli futbolçu limitini tam yaxşı səviyyədə doldura bilmir, bəzən məcburiyyətdən kimisə buraxmalı olur ki, limit pozulmasın?

- Bəli, yerli oyunçu kontingenti tərəfdən "Neftçi"nin bir az "axsamaları" var. Ancaq bu iş haqda indi yox, əvvəldən fikirləşmək lazım idi. "Neftçi"nin "Qarabağ"a nisbətən yerli futbolçular sarıdan kasadlıqları var - bu qaçılmazdı. 

- Sabah kapitan Emin Mahmudov hansısa səbəbdən oynaya bilməsə, bu problem daha çox özünü göstərəcək...

- Legioneri demirəm, ancaq yerli oyunçu baxımından "Neftçi"də həqiqətən kasadlıq var. Bu da Namiq Ələsgərovun, Anton Krivotsyukun gedişinin təsiridi. Onlar qalsaydı, yerli futbolçular da böyük rəqabət yarada bilərdilər öz aralarında

- Yeganə xal qazanmayan komanda "Keşlə" qaldı ki, bu komandanın problemini nədə görürsünüz? Yay transfer çalışmalarında yanlışqılardı ki, komanda hələ də xal qazana bilməyib, hər oyunda qapısında ən azı 2 qol görür?

- "Keşlə" haqda danışmaq bir az ikibaşlı çıxır. O mənada ki, tam anlaya bilmirsən real vəziyyəti. Deyək ki, "Keşlə" heyət, oyunçu potensialı baxımından bir çox komandalar geri qalmır. Misal üçün "Zirə"dən, "Sumqayıt"dan. Hə, orda nələr baş verir. bu, komandanım daxili işidi. Niyə uğur qazana bilmirlər, problem psixolojiyadadırmı, ola bilər Konfrans Liqasına aldığı ağır zərbədə çıxa bilmirlər? Məğlubiyyət məğlubiyyət dalınca gələndə ayıla, çıxa bilmirsən vəziyyətdən, psixloji cəhətdən qalxa bilmirsən. Təxmini bunları deyə bilərəm, ancaq içəridə nələr var, bunu komanda daxilində olanlar deyə bilər. Mənə elə gəlir ki, Konfrans Lİqasında məğlubiyyətlərin arxasınca gələn məğlubiyyətlərdən çıxmaq çətinliyi var onlarda. Onu dəqiq deyə bilərəm ki, "Keşlə"nin heyəti o qədər də kasad, autsayderə yaraşan heyət deyil. 

- Zirədəki matçı stadiondan izlədiniz. Maraqlıdı, "Sabah"ın həmin mübahisəli qoluyla bağlı sizdə hansı fikir formalaşıb?

- Həmin epizodla bağlı bir neçə rakursdan, bir neçə kamera çəkilişindən sonra dəqiq bilmək olar. Futbolun qanununda yazılıb ki, 16 yox, 5 metrəlik cərimə meydançasını qapıçının sahəsi sayırlar. Orda qapıçıya toxunmaq olmaz. Bu, varsa, aşkar qayda pozuntusu sayılır. Tribunada sizinlə birgə izləyirdim, ordan dəqiq görə bilmərik. Bəlkə yerinə yetirilən künc zərbəsi yox, əks tərəfdən rakursdan çəkiliş olsaydı, görmək olardı. Buna görə VAR sistemi hazırda onun üçün çox vacibdi, bir daha bunun zəruliyini göstərir. Mən demirəm ki, qayda pozuntusu var, yaxud yoxdu. Ancaq o 5 metrənin içində kiçik təmas belə olubsa, cərimə zərbəsidi. Qayda bunu deyir. Hakimlərin yerinə danışa bilməsəm də, futbol oynadığım vaxtdan bilirəm ki, o 5 metrlik xətti də ona görə çəkiblər orda qapıçıya toxunmaq olmaz. Ora onun şəxsi meydançasıdı. Ancaq bilmirik ki, rəqib ona dəydi, yoxsa yox. Bunu da görmək üçün lazımı rakurs, kamera çəkilişi və mütəxəssislərin baxması daha vacibdi. Belə olsa, daha yaxşı olar. Dəqiq görmədən isə fərziyyə edə bilərik ki, toxundu, yoxsa toxunmadı. Qapıçıya öz cərimə meydanında icazə verirlər ki, orda ayağıyla da oynaya bilər. Ayağını qabağa qoyur ki, nəticədə rəqib futbolçu ona toxuna bilmir. Qapıçının səhvini də görmək lazımdı.

- "Zirə"nin ucaboylu qapıçısı Mehdi Cənnətovun inamsız çıxışı da diqqət çəkdi...

- Çıxışlarda mütləq ayağından istifadə eləməlidi qapıçı. Mən qapıçı deyiləm, ancaq bütün dünyada belədi. Qapıçı ayağını irəli çıxarıb tullansaydı, rəqibin müdafiəçinin başı əlinə dəyə bilməzdi. Qapıçının həmin yerdə müdafiəsi ayağıdı. Qaydayla buna icazə var, bu. qapıçı tərəfdən cərimə sayılmır. 

 

 

MEHMAN SÜLEYMANOV