Həftəiçi yolumuz "Neftçi Arena"ya düşmüşdü. "Neftçi" biz jurnalistləri rusiyalı legioneri Reziuan Mirzovun mətbuat konfransına yığmışdı. Orda "ağ-qaralar"ın yay transferi bəyan etdi ki, Vətənində oynadığı vaxtda "Zenit"ə qol vurub, "ağ-qara" formada da bunu etmək istəyir, buna çalışacaq.
Belə düşünmək olardı ki, bu, publikaya xoş gəlmək üçün söylənilən şablon sözlərdi. Amma dünənki 90 dəqiqə göstərdi ki, Mirzov həqiqətən qol vurmağa köklənibmiş. Onun motivasiyasını da başa düşmək olardı. Axı, bunadək karyerası Rusiyaya, onun Premyer Liqasına bağlı olub, "Zenit"ə qarşı dəfələrlə oynayıb. İndi də əcnəbi klubunun heyətində öz sözünü demək istəyirdi. Rezuan söz verdi də, sözünü tutdu da.
Komandaların optimal heyətdə çıxmaması başadüşülən idi. Hər halda, aparıcı futbolçuları millilərə yollanmışdılar, zədəliləri də vardı. "Ağ-qaralar"da əsas boşluq yarımmüdafiənin mərkəzi ilə bağlı idi. Əslində, həmin mövqedə ən çox futbolçu və bunun nəticəsində güclü rəqabət olsa da, dediyim amillərə görə baş məşqçi Adrian Mutunun sərəncamında yalnız Dieqo Valdez vardı. Rumıniyalı mütəxəssis məcburiyyətdən hücumameyli oyunçu Andre Şinyaşikini dayaq yarımmüdafiəçisi kimi oynatmışdı. Son vaxtlar az oyun praktikası qazanan Valdez meydanda ən yaxşılardan olaraq Mirzova hər 2 qolda uzun ötürmələrlə məhsuldar ötürmə müəllifi oldu. Şinyaşikidən də Mutu fərqli mövqedə oyunundan razılığını ifadə etsə də, hər halda, "Neftçi"nin buraxdığı yeganə qolda onun cərimə meydanında top itkisinin həlledici olduğunu da vurğulamalıyıq.
Görüşdə ilk 10 dəqiqədə hər iki komanda real qol imkanı qazandı. Amma "Zenit"in futbolçusu yaxın məsafədən "çərçivə"yə düşə bilməyərək şansını qaçırdı. Mirzov isə fərdi ustalığı sayəsində rəqibini keçərək sol ayağıyla topu uzaq küncə göndərdi. Fasiləyədək hücumda daha çox olan tərəf Rusiya çempionu idi. Amma bunlar məntiqəuyğun sonluqla yekunlaşmırdı. Qapıya dəqiq zərbələr olanda isə Rza Cəfərov etibarlı çıxış edirdi. Bəli, U-21 yığmamızın üzvü olan, zədədən yeni qayıdan bu gənc qapıçı qeyri-rəsmi matç olsa da, məsul sınaqdan üzüağ çıxdı. Mutunu ona görə alqışlayırıq ki, "Zenit"ə qarşı 90 dəqiqə Rzanı oynatdı. Bəli, ehtiyatda Aqil Məmmədov kimi təcrübəli qapıçı olsa da, 34 yaşlı qolkiperi belə matçda oynatmağa nə lüzum var ki...
Sankt-Peterburq təmsilçisinin baş məşqçisi Sergey Semak ikinci hissə başlayandan əsas futbolçularını əvəzləməyə başladı ki, bu da komandasının oyununa təsirini göstərdi. Hər halda, hücumlar ilk hissədəki kimi kəsərli deyildi. Bununla belə, Du Keyruş fasilədən az sonra "Neftçi"ni oyunu mərkəzdən başlamağa məcbur etdi. Amma rusların qol sevinci uzun çəkmədi. Onları yenə elə öz həmyerlisi cəzalandırdı. Reziuanın 2-ci qolu daha baxımlı alındı. Sol cinah yarımmüdafiəçisi bu dəfə sağ ayağıyla uzaq küncü dəqiq nişan aldı. "Zenit"in sərəncamında yetərincə zaman olsa da, bir daha tarazlığı bərpa edə bildi.
Bununla da "ağ-qaralar" Rusiya çempionundan Sankt-Peterburqdakı beynəlxalq turnirdə aldığı məğlubiyyətin (1:3) revanşını elə rusiyalı futbolçusuyla aldı. Çox istərdik ki, bu qələbədə öz yerli futbolçumuz da qoluyla pay sahibi olsun. Amma təəssüf ki, bunu heç bir matçda bacarmadıq. Halbuki, "Neftçi Arena"dakı görüşdə sonradan meydana çıxan gənc futbolçusu İsmayıl Zülfüqarlı son saniyələrdə qol vurmağa sadəcə, borclu idi. Amma "Neftçi"nin yetirməsi rəqibin "hədiyyə"sindən yararlana bilmədi. İsmayıl rəqib qapıçıyla üzbəüz qalsa da, bu dueldən qalib ayrılmadı. Top "Zenit"ə düşən kimi isə matçı idarə edən FİFA referimiz Rauf Cabarovun final fiti bakılıların 2:1 hesablı qələbəsini rəsmiləşdirdi.
MEHMAN SÜLEYMANOV