Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Qazaxıstan yığmasıyla bugünkü ev matçı baş məşqçisi Canni de Byazi üçün əlamətdar olacaq. Sport24.az xəbər verir ki, bu, 66 yaşlı italyan mütəxəssis üçün rəsmi xarakterli 20-ci matç olacaq. Hesabında 3 qələbə, 5 heç-heçə və 11 məğlubiyyət olan yığmamız de Byazinin 2 illik dövründə 11 qol vurub, 26-nı buraxıb.

“Dalğa Arena”dakı axşamkı sınaq italyanın rəhbərliyi altında ümumilikdə 28-ci sınaq olacaq. De Byazinin bunadək Azərbaycan milliisndə 4 qələbəsi, 7 heç-heçəsi, 16 məğlubiyyət olub. Bu müddətdə 17 qol vuran millimiz 36 top buraxıb.

Bakıdakı matç milli komandamızın 20 illik tarixində 284-cü qarşılaşma olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasıyla keçirib və 3:6 hesabı ilə yenilib. Bu müddətdə 53 qələbə və 76 heç-heçəyə nail olan millimiz 154 dəfə uduzub - topların fərqi 209-468.

Qazaxıstanla duel rəsmi turnirlərdə 152-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 151 oyuna çıxan millimiz indiyədək 18 qələbə qazanıb, 32 heç-heçə edib, 101 dəfə isə uduzub. Rəqib qapılarına 88 qol vuran əsas yığmamız 301 top buraxıb. 

Bu, UEFA-nın yeni turniri olan Millətlər Liqasında 18-ci görüşdü. Əvvəlki 17 oyunda 5 qələbə, 7 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb. Topların fərqi 13-14 rəqiblərin xeyrinədi.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq. De Byazi son qrup matçından da qalib ayrılarsa, millimizin tarixində ardıcıl 3 rəsmi matçda qələbə qazanan ilk baş məşqçi kimi adı tarixə düşəcək.