Nəhayət! On ildən çoxdur ki, fəaliyyət göstərən “Sumqayıt” olduqca qəribə qərarla özünü pis vəziyyətdə saxlayırdı. Söhbət klubda Azərbaycan pasportuna sahib olmayan futbolçuların çıxışına qoyulan qadağadan (xırda istisnalalarla) gedir. Bu, o demək idi ki, mövsüm başlamazdan, meydana çıxmazdan əvvəl “Gənclik şəhəri" təmsilçisi hesabda geri düşmüş olurdu.
Bəli, kimlərsə əks-arqument olaraq “Sumqayıt”da sadəcə, hansısa formada Azərbaycana bağlı olan oyunçuların çıxış etdiyini iddia edə bilər. Amma məsələ burasındadır ki, eyni sxemdən digər Premyer Liqa təmsilçiləri də faydalana bilib. Yəni, hansı prizmadan yanaşsaq, “kimyacılar” daha əlverişsiz vəziyyətdə olurdular.
Nəhayət, üç gün öncə “Damokl qılıncı” “Sumqayıt”ın başının üzərindən götürüldü. Klub rəhbərliyi, ələlxüsus Riad Rəfiyev axır ki, gətirdiyi arqumentlərlə Müşahidə Şurasını inandıra bildi ki, legionersiz oynamaq utopiyadı. Bəli, hətta belə vəziyyətdə komanda bürünc medal qazanmağı bacarmışdı. Amma situasiya daha da mürəkkəbləşib. Artıq 6 yox, 7 əcnəbiyə eyni vaxtda meydanda olmaq icazəsi verildi. Bu isə onsuz da çətin vəziyyətdə olan “Sumqayıt”ın durumunu daha da ağırlaşdıracaqdı. Hər halda, Rəfiyev mizandakı həqiqi durumu isbatlamağı bacardı. Nəzərə alsaq Riad bəy oyunçu seçimində yetərincə istedadlıdı və hər kəs bunun səfərlə şahidi olub, növbəti mövsüm daha iddialı, daha maraqlı, daha rəqabətədavamlı “Sumqayıt” görəcəyimizi proqnozlaşdıra bilərik.
Artıq indidən söyləyə bilərik ki, belarusli baş məşqçi Aleksey Başqanın qarşısına iddialı vəzifələr qoyulacaq. Bacaracaqmı? Bax, bunu mövsümün sonunda görəcəyik.
CEYHUN ƏLİYEV