"İlk oyunda qeydə alınan nəticədən sonra "Qarabağ"ın geridönüş etməsi mümkünsüzdür. Hansı komandaya qarşı oynayacağımızı bilirik". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Hazırda agent kimi fəaliyyət göstərən veteran futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından gözləntilərini bölüşüb:
"Qarabağ"ın futbolçuları komandanın və öz adları üçün oynamalıdır. "Qarabağ" Çempionlar Liqasında bacardığından artığını elədi. Bunu təkrarlamaq bəlkə də olacaq, amma illər sonra. Yaxın zamanda "Qarabağ"dan başqa bunu təkrarlayacaq komanda görmürəm. Ağdam klubu buna qədər gözəl futbolla bunu bacarıb. Bu turnirdə pley-offdan artığını etmək üçün çıxış etdiyin çempionatın səviyyəsi və heyətindəki futbolçuların keyfiyyətli olması mütləqdir. Bu mövsüm böyük iş görüldü. Təmsilçimizə bu həyacanı bizə yaşatdıqları üçün təşəkkür edirəm".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıdakı ilk qarşılaşma ingilis klubunun 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.