"İmişli"nin futbolçusu Azər Salahlının Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının XVI turunda səfərdə "Zirə" ilə heç-heçə etdiniz. Oyun haqda nə deyə bilərsən?
- İlk növbədə matçın çətin keçəcəyini bilirdik. Çünki rəqib bu mövsüm "3-lüy"ə namizəd komandalardan biridir. Çox gözəl futbol nümayiş etdirirlər. Qarşılaşma bizim üçün çətin alındı. İkinci növbəfən oynamağa məcbur idik. Şanslarımızl əks hücumlarda dəyərləndirmək istəyirdik. Heç-heçə alındı, düşünürəm ki, bu rəqibə qarşı pis nəticə deyil. İlk olaraq yaxşı dincələcəyik, daha sonra mövsümün ikinci yarısına hazırlaşacağıq.
- I dövrədə də komandaların dueli heç-heçə ilə yekunlaşmışdı. Səncə, rəqib niyə sizi məğlub edə bilmir?
- Komanda şəklində kompakt oynayırıq. Bizdə individual oyunçular o qədər də çox deyil. Bizim üstünlüyümüz kollektiv şəkildə birlikdə olmağımızdır. Düşünürəm ki, bunun ən böyük səbəblərindən biri də məhz odur.
- Mövsümün ilk yarısını necə dəyərləndirirsən, 2025-ci ili istədiyiniz, arzuladığınız yerdə başa vurdunuz?
- Bizim texniki məğlubiyyətimiz də oldu. Həmin qarşılaşmada qalib gəlmişdik. Buna baxmayaraq yaxşı oynadığımız matçlar, qaçırdığımız penaltiləri də vurğulamalıyam. İndikindən daha çox xal toplaya bilərdik. İlk mövsüm üçün bu da pis nəticə deyil. İrəliyə baxmalıyıq.
- Misli Premyer Liqasında legioner limiti ləğv olunsa da sən komandanın heyətində daim meydana çıxırsan. Necə düşünürsən, limitin ləğvi azərbaycanlı futbolçulara təsir edibmi?
- Əlbəttə. Birmənalı şəkildə pis təsir edir. Çünki bir çox yerli oyunçu komandasında forma şansı əldə edə bilmir. Mən meydana çıxıramsa, bu o demək deyil ki, bununla razıyam. Xeyr. Əsla bununla razı deyiləm. İstəyərdim ki, yerli futbolçularımız da şans əldə etsinlər.
- Daha əvvəl Azərbaycan millisinin də formasını geyinmisən. Mövsümün əvvəlindən də stabil çıxış edirsən. Növbəti toplanışlarda dəvət almaq ehtimalını necə görürsən?
- Son toplanışda da dəvət gözləyirdim. Çağırılmadım. Amma çalışıram. Hədəflərimdən biri də milliyə qayıtmaqdır. Bunun üçün əlimdən gələni edirəm.
- Premyer Liqada səninlə maraqlanan klublar var. Komandanı dəyişmək ehtimalın varmı?
- Hazırda "İmişli" ilə müqaviləm var. Düşünürəm ki, pis də təsir bağışlamırıq. İndi bütün fikrim bu komanda ilə uğurlar əldə etməkdir.