Çoxdandı yolum Nizami yurduna düşmürdü. Son dəfə Gəncəyə getdiyimdə "Kəpəz"in Premyer Liqada axırıncı mövsümü idi, bundan bir müddət sonra koronavirus Azərbaycana "ayaq açdı", ölkə üzrə karantin rejimi elan olundu, sərtləşdirildi, gediş-gəlişə məhdudiyyət qoyuldu və ən nəhayət, 44 günlük Vətən Müharibəsi oldu. Məhz bu ayyarımda Gəncə qəhrəman şəhərlərimizdən oldu. Şəhərə girər-girməz şəhid gəncəlilərin fotolarını yolların kənarında görmək mümkün idi.

Məlumdu ki, Gəncə iki dəfə ermənilərin raket bombalarına tuş gəldi. İlk raketin düşdüyü əraziyə baş çəkməyə imkanım oldu və həmin anlarda duyğulanmamaq mümkün deyildi. Erməni vandalizmi neçə-neçə dinc, günahsız insanın həyatına son qoydu ki, onlar arasında uşaqlar da az deyildi. Xatirələri əbədiləşdirilən məkan Gəncəyə gələn qonaqların ziyarət yeridi.

Bəli, tarixi zəfərimizdən sonra Gəncə də əvvəlki günlərini yaşayır və futbolunda yeni inkişaf mərhələsinin olması gözlənilir. Bununla bağlı görülən işlər də Nizami yurduna səfərimin əsas məqsədi idi. Orda sintetik örtüklü meydançalar açıldı - özü də ikisi birdən. Bunlar isə uşaq futbolunun inkişafı üçün çox vacibdi ki, işlər AFFA tərəfindən həyata keçirilib. Özü də açılışda ən məsul şəxslər iştirak edirdi - AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov. 

AFFA-nın maliyyə vəsaiti hesabına Yeni Gəncə yaşayış massivində yerləşən süni örtüklü meydançada əsaslı təmir və yenidənqurma işləri görülmüşdüsə, digər meydança assosiasiya rəsmilərinin 2021-ci il noyabrın 16-da etdiyi səfərin nəticəsi olaraq inşa olunaraq, bütün gəncəlilər üçün xüsusi bir məkan sayılır. Axı, bu, əməkdar bədən tərbiyəsi və idman işçisi, tanınmış uşaq məşqçisi, "дядя Костя" kimi tanınan mərhum Konstantin Abramenkonun vaxtilə hazırlıq keçdiyi ərazidə inşa olunmuş meydançadı. Bir vaxtlar ordakı asfalt meydançadan neçə-neçə məşhur gəncəli futboçular çıxıb. Bu üzdən burdakı meydançanın açılışında daha böyük ajiotaj vardı, daha çox insan, futbol ictimaiyyətinin çoxsaylı nümayəndələri cəmləşmişdi. Onlar sırasında Abramenkonun 75 yaşlı qohumu da vardı ki, çıxış edərək görülən işlərə görə AFFA-nın icraçı vitse-prezidentinə dərin təşəkkürünü bildirdi. 

Tədbir zamanı Gəncə futbolunun yetirmələri olan Zakir Süleymanovun 85, Tofiq Əliyevin 75, Novil İsmayılovun isə 70 illik yubileyi münasibətilə yubilyarlarla görüş keçirilməsi, onlara AFFA-nın xatirə hədiyyələri verilməsi də oldu. Açılışa təşrif buyuranlar arasında Gəncə futbolunun məşhur simalarından olmuş mərhum Müzəffər Qasımovun həyat yoldaşı Tatyana Qasımova da vardı. Məmmədov futbol veteranları ilə söhbətləşərək, onlarla Gəncədə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi apardı, təkliflərini dinlədi. Təbii ki, hər bir gəncəli futbolsevərlərin arzusu yerli "Kəpəz"in yenidən Premyer Liqada çıxış etməsidi. Buna inam AFFA İcraiyyə Komitəsinin bu yaxında keçirilən iclasında növbəti mövsümdə 10 komandanın iştirak edəcəyi ilə bağlı qərarından sonra xeyli artıb. Məmmədov da bunun nəhayət, reallaşacağına ümidli olmaqla yanaşı, bir vacib məqamı vurğuladı - bunun üçün Gəncə klubu AFFA-nın lisenziyalaşdırmasından uğurla keçməlidi.

Məlumdu ki, "Kəpəz"in son illərdə AFFA-nın maddi dəstəyini görərək çıxış edir. Bu, Premyer Liqada da belə idi, I Divizionda da. Amma bununla kifayətlənməyən assosiasiya Gəncədə infrastrukturla bağlı da layihələri həyata keçirir. Bu da yanvarda şəhər stadionunda uşaqlar və “Kəpəz” komandası üçün təlim-məşq mərkəzi ilə akademiyanın inşasına başlanılmasıdı. Məmmədovun diliylə desək, fors-major olmasa, bu, 12 ay ərzində təhvil veriləcək. Digər əsaslı iş isə Gəncə şəhər stadionu ilə bağlıdı ki, AFFA tərəfindən qəbul olunan qərara əsasən həmin məkanda mərhələli şəkildə yeni stadion inşa etməyi planlaşdırılır. Sadəcə, bununla bağlı rəsmi qaydada Azərbaycan Gənclər və İdman Nazirliyinə (AGİN) müvafiq müraciət olunub ki, bu da həmin infrastrukturun həmin qurumun balansında olmasına görədi. Hazırda danışıqlar davam edir və AFFA nazirliyin rəsmi icazəsini gözləyir.

AFFA-nın icraçı vitse-prezidenti meydançaların rəmzi açarlarını şəhər icra başçısına təqdim etdi. Artıq "дядя Костя"nın da ruhu şaddı. Artıq Gəncə ona hədiyyə olunan bu meydançalara sahib çıxmalı, göz bəbəyi qorumalı və burdan yeni-yeni Maşallah Əhmədov, Yunis Hüseynovlar yetişdirməlidi. Şəhər rəhbərinin "дядя Костя"nın meydançasını açarını Gəncə Futbol Veteranlar Birliyinə təhvil verməsi düzgün, alqışalayiq addım idi. Cəmi 6 ay əvvəl yaranan, Tofiq Məmmədovun sədri, Əli Rəhimovla Firuz Qulaminin müavinləri olduğu bu qurumun baxımsız vəziyyətdə olan həmin meydançaya yeni nəfəs verilməsində böyük əməyi oldu. Qulaminin Məmmədovla maraqlı dialoqu da oldu ki, AFFA rəsmisi bu meydançanın quraşdırıldığı bu 2-3 ayda futbolumuzda uğurlu nəticələrin olmasını xatırlatdı. 

Onu da bildirək ki, Gəncə şəhər deputatı Müşfiq Cəfərov, Gəncə İctimai İştirakçılıq Məclsinin nümayəndələri - xeyriyyəçi, futbol azarkeşi Müzadil Həsənov, İlqar Zeynalov da bu işlərdə yaxından dəstəklərini göstəriblər. Gəncə içra başçısıyla şəhər gənclər və idman idarəsinin sədri Həmid Nəsirovun da bu işlərdə böyük dəstəkləri olduğunu vurğulamalıyıq. Yeri gəlmişkən, açılışda Bayramovla Gəncə futboluyla bağlı ayaqüstü fikir mübadiləsi aparmağa imkan tapdım. İcra başçısı Gəncə futbolunu diqqətə saxladığına görə saytımıza təşəkkürünü bildirdi. 

İndi diqqətlər Gəncədə yaxın gələcəkdə planlaşdırılan "ulduzlar matçı"na yönəlib. Bu da AFFA-nın hazırkı ayın sonunda 30 illik yubileyinin olmasıyla əlaqədar Məmmədovun "Neftçi" və "Kəpəz"in futbol veteranları arasında yoldaşlıq görüşünün keçirilməsi təklifidi. Özü də icraçı vitse-prezident həmin oyunda "Kəpəz"in heyətində çıxış etmək istəyini də gəncəlilərin diqqətinə çatdırmağı lazım bildi. 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Gəncə-Bakı