UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti matçını keçirəcək.

 

Ağdamlılar "doğma divarlar" arasında İngiltərə təmsilçisi "Çelsi" ilə üz-üzə gəlir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.

 

"Çelsi" hazırda turnir cədvəlində 13-cü, "Qarabağ" isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.

 

Qeyd edək ki, "Qarabağ" tarixində London klubu ilə üçüncü dəfə qarşılaşacaq. Əvvəlki 2 görüş Çempionlar Liqasının 2017/2018 mövsümünə təsadüf edib. Londonda baş tutan matçda 0:6 hesabı ilə yenilən ağdamlılar, Bakıdakı görüşdə də məyus olub - 0:4. 

 

Çempionlar Liqası

Liqa mərhələsi, IV tur

21:45. "Qarabağ" - "Çelsi"

Baş hakim: Sebastian Qishamer (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.