"Klubun düşərgəsində yaşananlardan xəbərim yoxdu. Fikrimcə, klub rəhbərliyi Murad Musayevi baş məşqçi postunda saxlamaq üçün hər cür səy göstərməli idi. Həmişə deyirdim ki, "Sabah" toparlanacaq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Ancaq indi, onun gedişindən sonra məndə bu əminlik yoxdu". Bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu Bəxtiyar Musayev deyib.

 


51 yaşlı mütəxəssis Musayevin gedişinin doğru qərar olmadığı qənaətindədir: "Bir çoxları kimi mənim üçün də gözlənilməz oldu. Düzdür, Musayev komandadan öz istəyi ilə ayrıldı. Amma, mümkün qədər buna mane olmaq lazım idi. Təəssüflənirəm ki, Premyer Liqamız bacarıqlı baş məşqçini itirdi. Mövsümün bu yerində bir qədər gözlənilməz qərar oldu. Yenə də hər şeyi bilmirik, məşqçinin qərarına hörmətlə yanaşmaq lazımdı".

 


Veteran futbolçu "Sabah"ın bundan sonra çempionatda qeyri-sabit trayektoriya cızacağını da istisna etməyib: "İnanırdım ki, komanda çempionatın sonunda yüksək yerlərdə qərarlaşacaq. Ancaq bundan sonra çətin görünür. Mənim üçün hələ də qaranlıqdı ki, "Sabah" mövsümün sonunda turnir cədvəlinin hansı pilləsində qərarlaşacaq. Hər şey rəhbərliyin boş qalan posta kimi dəvət edəcəyindən asılıdı".

 


Qeyd edək ki, rusiyalı mütəxəssis Azərbaycan Kubokunun ¼ finalının ilk görüşündə "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra istefa verib.