"Yığmamızın Millətlər Liqasına uğurlu başlayacağını gözləyirdim. Təəssüf ki, hər iki oyunda məğlub oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Bəxtiyar Musyev deyib.
Veteran futbolçu Fernandu Santuşun slovaklarla oyunda start heyəti düzgün seçmədiyini də vurğulayıb: "Bakıdakı oyundan fərqli, baş məşqçi Slovakiya ilə qarşılaşmada rotasiya etmişdi. Amma görünən o oldu ki, portuqaliyalı mütəxəssisin seçimi səhv idi və o, fasiləyə kimi kobud səhvləri ilə diqqət çəkən Amin Seydiyevi əvəzlədi. Ozan Can Kökçü də ümidləri doğrultmadı. Abbas Hüseynovun ilk dəqiqələrdən meydanda olmaması, Emin Mahmudova isə ümumiyyətlə, şans verilməməsi mənim üçün qaranlıq qaldı. Ümumilikdə ilk hissəni zəif çıxış etdik. Rəqib güclü olsa da, xal götürmək olardı. Slovaklar müdafiədə boşluqlar verirdi. Hücumda kreativlik çatmadı. Fasilədən sonra geridönüş etmək istəsək də, ilk yarıdakı səhvlərdən sonra buraxdığımız iki qol və rəqibin bizi yaxşı analiz etməsi buna imkan vermədi".
Musayev Fernandu Santuşun milliyə uğur qazandıracağına da şübhə ilə yanaşır: "Millətlər Liqasına uğursuz start verdik. İki məğlubiyyətdən sonra nəyəsə ümidimiz qalmayıb. Fernandu Santuşun təyinatı gerçəkləşəndə demişdim ki, o, yaşlıdı. Millidə daha gənc, müasir futbolun tələblərini dərindən bilən, oyunçularımızı və ölkə futbolunu yaxından tanıyan biri ilə müqavilə bağlansaydı, daha məqsədəuyğun olardı. Təki mən yanılım və Santuş yığmamızı uğurlara daşısın. Amma uğursuz start gələcəyə nikbin baxmağa əsas vermir".
Qeyd edək ki, yığma komanda dünən Millətlər Liqasının II turunda səfərdə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.
ABDULLA İSMAYILOĞLU