"Yaxşı oyun alındı. Rəqibin gücünə bələd idik. Onlar qələbə qazanmaq istəyirdi. Oyunu müdafiədən qurduq və bunu bacardıq. Komandamın oyun ruhundan çox razıyam". Sport24.az xəbər verir ki, bu fikirləri Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı norveçli mütəxəssis ikinci qollarının baxımlı alındığını bildirib: "Bu cür qolları tez-tez görmürük. Qapıçının irəli çıxması belə qola gətirib çıxarır".
Norveçli baş məşqçi hakim idarəçili barədə danışıb. O, həmçinin "Qarabağ"ı İsveçrənin "Bazel" klubu ilə də müqayisə edib: "Hakimlər haqqında danışmaq istəmirəm. Onlar barədə fikir söyləmək mənim işim deyil. Ümumiyyətlə hakimlərin işini normal qiymətləndirirəm. "Bazel" və "Qarabağ"la səfərdə heç-heçə etmişik. İsveçrədə qələbə də qazana bilərdik. "Qarabağ"a qarşı evdəki matçda ikinci qolu buraxdıqdan sonra oyundan düşdük. "Qarabağ" və "Bazel"i bərabər səviyyəli komandalar sayıram".