Avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Konfrans Liqasında “Rapid”ə 0:2 hesabı ilə uduzan “Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilməyib.

Bununla da cari mövsümdəki qazancımız dəyişməz qalıb - 1,875. Bunun 1,000-ı “Qarabağ”ın hesabındadı “Neftçi” 0,500, “Qəbələ” 0,250, “Zirə” 0,125 xalla kifayətlənib.

Ölkəmizin son beş mövsümün nəticələrinə görə hesablanan əmsalı isə 14,500-dür. Azərbaycan Avropada 29-cu pillədə qalıb. 28-ci olan Polşa isə ölkəmizlə fərqi 1,375-ə qədər artırıb. 30-cu yerə yüksələn Qazaxıstan indi ən yaxın izləyicimizdi. Bu ölkə Azərbaycandan 1,875 xal geridədir.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.