“Rəqib futbolçular oyunun bərpasını gecikdirirdilər, yerdə uzanırdılar. Bir xal üçün bunları etmək düzgün deyil. Komandam nə vaxtsa belə oyun sərgiləsə, futbolu atıb gedib evdə oturaram, başqa işlə məşğul olaram”. Sport24.az xəbər verir ki, bu sözləri “Kəpəz”lə 2:2 hesabı ilə bitən matçdan sonra mətbuat konfransında “Sabah”ın baş məşqçisi Murad Musayev səsləndirib.
 
Heç şübhəsiz ki, rusiyalı mütəxəssis bu sözlərlə “sarı-göylər”in baş məşqçisi Azər Məmmədovun “bostanına daş atıb”. Musayev autsayderin futbolçularının bilərəkdən yerdə qalmaqla vaxtı uzatmasına əsəbləşib, dolayısı da olsa bu tapşırığın Məmmədovdan gəldiyinə işarə edib.

 Bəs görəsən, Məmmədov “bayquşlar”ın çalışdırcısının söylədikləri barədə nə düşünür? Azər bəy saytımız vasitəsi ilə rusiyalı çalışdırcıya ismarış göndərdi: “Bizdə uğursuzluq yaşanırsa, ilk növbədə səhvi özümdə və komandamda axtarıram. Harda səhvə yol verdiyimi, nəyi düz etmədiyimi müəyyənləşdirməyə çalışıram. Baş məşqçi belə geniş büdcə, güclü futbolçulardan qurulmuş heyətlə 3 xal qazana, “Kəpəz”lə heç-heçəni həzm edə bilmirsə, kənarda bəhanə axtarmamalıdı. Bu sözlərlə rusiyalı müətəxəssis sanki özünü “sığortalamağa” çalışır. Fikrimcə, mən də daxil olmaqla özünə hörmət edən heç bir baş məşqçi futbolçusuna bilərəkdən vaxt udmaq üçün yerdə uzanıb qalmağı tapşırmaz. Bəlkə də kimsə verib və ya verir, ancaq məndə belə tapşırıq olmayıb və ola da bilməz”.

“Kəpəz”in baş məşqçisi dünən meydanda yaşananlara da münasibət bildirməyi unutmadı: “Bəlkə də kimlərsə böyük futbol görməyib və bu üzdən ayaqda qıc olmanın necə olduğunu bilmir. Futbolçu olmuşam və bilirəm ki, əzələdə qıc olanda, ayaq tutulanda futbolçu hansı hissləri keçirir. Dünənki oyunda da bir və ya iki epizodda futbolçumuzun ayağı qıc oldu. Nə etməli idi? O vəziyyətdə qaçmaq və mübarizə aparmaq olur? Bir dəfə də qapıçımızın gözünə torpaq dolduğundan bir qədər pauza yaşandı. Buna görə danışmağa, komandamın əziyyətini yerə vurmağa dəyməz. İnsanın həyatı, sağlamlığı hər şeydən önəmlidi. Yenə təkrarlayıram, rusiyalı məşqçi sadəcə, yekun nəticəni həzm edə bilmir”.

Qeyd edək ki, Premyer Liqanın VII turu çərçivəsində Masazırda keçirilən “Sabah” – Kəpəz” matçı 2:2 hesabı ilə başa çatıb.
RƏŞAD QASIMOV