Misli Premyer Liqasının XXXII turunun "Şamaxı" – "Turan Tovuz" oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşdü. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi:
– Son ev oyunumuzda xal qazanmaq istəyirdik. Bilirdik ki, bizim kimi komandaların belə yerlərdə olması vacibdir. Şükürlər olsun, qələbə qazandıq. "Turan Tovuz"a qarşı matçlarımız gərgin, maraqlı keçir. Səhv etmirəmsə, ilk qələbəmizi əldə etdik. Fanatlara təşəkkür edirəm ki, bizi dəstəklədilər. Hər kəsə "çox sağ ol" deyirəm. "Şamaxı"ya uğurlar. Qarşıda son oyunumuz qalıb, bu matçdan da xal qazansaq, sevinəcəyik. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Futbolçular bu ağır qrafikdə ruhdan düşmədi, bir çoxu inkişaf etdi, iddialı komandalara namizəd oldular.