"Zirə" ilə oyuna yaxşı hazırlaşmışdıq. Əsas məqsədimiz meydandan 3 xalla ayrılmaq idi". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin futbolçusu Seyxan Fərəcov deyib.

24 yaşlı hücumçu komandasının Misli Premyer Liqasının 12-ci turunda "Zirə" ilə heç-heçə etdiyi oyunla bağlı fikirlərini bölüşüb:

"Təəssüf ki, istəyimizə tam çatmadıq və 1 xalla kifayətləndik. Bununla belə, oyunun gedişində komandamızın göstərdiyi xarakter məni sevindirdi. 0:2-dən geridönüş edərək, heç-heçə etmək möhkəm iradə və əzmkarlıq tələb edir. Şadam ki, komandamızda bu keyfiyyətlər var. Geridə olsaq da, ruhdan düşmədik, hesabı bərabərləşdirdik".

Komandasının hər iki qoluna imza atan Fərəcov gələcək hədəfindən söz açıb:

"Əlbəttə, vurduğum qollarla komandama kömək etdiyim üçün çox xoşbəxtəm. Futbolçu üçün komandasının uğurunda pay sahibi olmaq xüsusi hissdir. İnşallah, qarşıdakı oyunlarda yaxşı oyun nümayiş etdirmək yanaşı qollar vurmaqla komandama kömək etmək istəyirəm. Əsas məqsədimiz hər matçda maksimum nəticə qazanmaqdır".

Qeyd edək ki, "İmişli" - "Zirə" görüşü 2:2 hesabı ilə başa çatıb.