21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Baranoviçi şəhər stadionunda Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən yoldaşlıq görüşündən (1:3) sonra mətbuat konfransında fikirlərini bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
"Məğlubiyyət üzücü oldu. Ancaq belə oyunların təşkili bizim üçün vacibdir. Futbolçularımız səfər matçlarında yerli azarkeşlərin təzyiqi altında çıxış etməyə öyrəşməlidirlər. Belarus millisinin öz meydanında daha yaxşı oynamağa çalışacağını gözləyirdik. İlk 35 dəqiqədə bizdə hər şey alınırdı. Qol vurduq, ikinci qol üçün şansımız oldu. Təəssüf ki, Raul Məmmədovun zədələnməsindən sonra birinci hissənin son 10 dəqiqəsində rəqib üstünlüyə yiyələndi və iki qol vurdu. İkinci hissədə nələrisə dəyişmək və hamıya şans vermək istədik. Belədə istər-istəməz temp aşağı düşür. Bizim üçün bir sınaq idi, bundan nəticə çıxaracağıq. Səhvlərimiz üzərində işləyərək Monteneqro ilə qarşıdakı görüşə hazırlaşacağıq. İlk 35 dəqiqədəki yüksək templi oyunumuz gələcək üçün ümid verdi".
Qeyd edək ki, U-21 iyunun 8-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə yoxlama görüşü keçirəcək.