"Niderlandda keçirilən ilk oyun göstərdi ki, "Qarabağ" heyətinin kasad olmasına baxmayaraq, "Tvente"yə qarşı qol vura bilər. Bəzi futbolçuların zədəli olmasına rəğmən, Ağdam klubu yaxşı performans sərgilədi". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın bu gün Bakıda Niderland "Tvente"si ilə cavab matçı haqda fikirlərini bölüşüb:
"Oyunun bütün hissəsində olmasa da, ən azı qol vurana qədər "Qarabağ" meydanda inamlı təsir bağışladı. Qoldan sonra isə rəqib bizi üstələməyi bacardı. Buna baxmayaraq, hazırda minimal hesablı üstünlüyümüz var və "Tvente" cavab matçında daha ciddi risklərə getməyə məcbur olacaq. Buna səbəb isə mütləq qol vurmaq məcburiyyətində qalmasıdır. "Qarabağ"ın məşqçilər heyəti ilk qarşılaşmadan sonra rəqibin oyununu ətraflı analiz edib. "Tvente"nin futbolçuları zaman-zaman səhvlərə yol verirdilər. Xüsusilə müdafiədə top itkiləri diqqət çəkirdi. Bu amil "Qarabağ" üçün yaxşı fürsətə çevrilə bilər. Ağdam klubunun qol vuracağına inanıram. Amma əsas sual budur: "Qarabağ" özü qol buraxacaqmı? Yəqin ki, "Tvente" də müəyyən məqamlarla yadda qalacaq. Onların qarşısını tamamilə kəsmək çətin olacaq. Məncə, "Qarabağ" bütün bu amilləri nəzərə alaraq mərhələ adlamağı bacaracaq".
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.