"Bavariya" Kanada millisinin tibbi heyətinin müdafiəçi Alfonso Deyvisin aldığı zədəni qiymətləndirməsindən narazıdır. Sport24.az "BILD" qəzetinə istinadən xəbər verir ki, oyunçunun diaqnozu ilə bağlı tərəflər arasında yenidən fikir ayrılığı yaranıb.

 

Kanada millisinin həkimləri yüngül əzələ gərilməsi diaqnozu qoyduqları halda, Münhen klubunun tibbi heyəti ətraflı MRT müayinəsindən sonra əzələ liflərində yırtıq aşkar edib.

 

"Bavariya" rəhbərliyini həmçinin Kanada millisinin baş məşqçisi Cessi Marşın söylədiyi fikirlər narazı salıb: "Məndə belə bir təəssürat yaranır ki, Kanada yığması "Bavariya" üçün heç bir əhəmiyyət kəsb etmir". Bu sözlər Almaniya klubunun rəhbərliyi üçün gözlənilməz olub və mənfi qarşılanıb. Lakin klub məsələyə ictimai şəkildə cavab verməmək qərarına gəlib.

 

Tərəflər arasındakı gərginlik hələ 2025-ci ilin martında, Deyvisin çarpaz bağları zədələndiyi vaxtdan bəri davam edir. Həmin vaxt Kanada millisinin tibbi heyəti ciddi diz zədəsini dərhal müəyyən edə bilməmiş, komanda kapitanını hələ də şişkinlikdən əziyyət çəkdiyi bir vaxtda Münhenə geri göndərmişdi.

 

"Bavariya" həmçinin oyunçuların beynəlxalq fasilələr zamanı aldığı zədələrdən narahatdır, çünki bu hallar klub üçün əlavə maliyyə riskləri yaradır.

 

Qeyd edək ki, Alfonso cari mövsümdə "Bavariya"nın heyətində keçirdiyi 15 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.