"Neftçi"nin hazırkı durumu yaxşıdır. Nəhayət, Yuri Vernidub start heyətini formalaşdıra bilib. Və bunun da nəticəsi olaraq komanda turnir cədvəlinin zirvəsində qərarlaşıb". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 13-cü turunun mərkəzi qarşılaşması "Neftçi" - "Zirə" oyunundan gözləntilərini bölüşüb:

"Zirə"nin heyətində zədəli futbolçuların sayı çoxdur. Xüsusilə mərkəz xəttində nisbətən zəif təsir bağışlayırlar. Bunun nəticəsində də vacib xallar itirirlər. Uzağa getməyək, ötən tur "İmişli" ilə qarşılaşmada 0:2 hesabı ilə öndə olsalar da, sonda heç-heçə ilə kifayətləndilər. Bu, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komanda üçün ciddi itkidir. Bugünkü görüşdə əsas məsələ qapını toxunulmaz saxlamaqdır. Flaqman inkişaf edir, cinahlarda sürətli, müdafiədə isə etibarlı oynayır. Turnir cədvəlinin liderliyinə yüksəlmək "ağ-qaralar"ın haqqıdır. Bununla belə, "Neftçi"nin bu gün asan qalib gələcəyini deməzdim. "Zirə" həmişə "Neftçi"yə qarşı ağıllı futbol oynayıb. Bu qarşılaşmanı 6 xallıq oyun adlandırardım. Qış fasiləsi ərəfəsində xal itirmək olmaz".

Qeyd edək ki, "Palms Sports Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 27 xalla turnir cədvəlinin lideridir. Qəsəbə təmsilçisi 20 xalla 5-ci sırada yer alıb.