"Araz-Naxçıvan"ın futbolçusu Ramon Maçadonun Sport24.az-a müsahibəsi

- Misli Premyer Liqasının XV turunda "Qarabağ"a 1:5 hesabı ilə uduzdunuz. İlk növbədə öz oyununuz haqqında nə deyə bilərsiniz?
- Uzun müddət zədədən əziyyət çəkirdim. Bu dövr mənim üçün çox çətin oldu, çünki mövsümöncəsi Türkiyədə zədələnmişdim. İndi isə özümü daha yaxşı hiss edirəm, özüməinamım geri qayıdır. Bu, mənim üçün böyük motivasiyadır.

- Bu gün qol da vurdum. Bu barədə nə deyə bilərsən?
- Bəli. Fərqləndim, amma məğlub olduq, bu yaxşı deyil. Amma şəxsi baxımdan mənim üçün önəmli idi ki, yenidən meydana qayıdım və qol vurum.

- I dövrədə bu rəqibə beş cavabsız qolla uduzmuşdunuz. Bu gün də qapımızda beş top gördünüz. Problem nədir?
- Bilmirəm. Biz səfərə xallar qazanmaq üçün gəlmişdik, bəlkə 1:1 heç-heçə, bəlkə də qələbə. Amma oyun başqa cür inkişaf etdi. Düşünürəm ki, ilk hissədə hesab 3:0 oldu və ondan sonra belə davam etdi. Biz bunu istəmirdik, amma baş verdi.

- Səncə, Avrokuboklara vəsiqə şansı qalırmı?
- Bəli, düşünürəm ki, hələ şansımız var. Çünki rəhbərlik, xüsusilə Zaur müəllim (Axundov) bu komandanı ötən illə müqayisədə daha yaxşı qurub. Məncə, indi daha keyfiyyətli heyətimiz, daha çox yaxşı futbolçumuz var. Klub da, biz də Avropaya getmək istəyirik. Hələ vaxt var. Amma əsas məsələ birlikdə qalmaqdır. Əgər birlikdə ola bilməsək, sonradan vəziyyət çox çətinləşəcək.

- Mediada tez-tez baş məşqçiniz Elmar Baxşıyev haqqında yazılır. Qışda klubdan ayrılacağı deyilir. Oyun günündə də xəbərlər yayıldı. Bu, futbolçulara təsir edirmi?
- Bəli, bəli. Bu, bizim üçün yaxşı deyil. Çünki biz legionerlərik, ölkə daxilində nə baş verdiyini tam bilmirik. Yerli futbolçular bəzən bizə nəsə deyirlər, amma ümumilikdə mətbuatda nə yazıldığını bilmirik. Biz bilmirik ki, kim qalır, kim gedir. Heç nədən xəbərimiz olmur.

- "Araz-Naxçıvan" avrokuboklarda oynayanda çoxları düşünürdü ki, komanda çempionluğa da oynaya bilər. İndi isə avrokuboklar zonasından kənardasınız. Buna səbəb nə oldu?
- Bilmirəm, çünki o vaxt mən oynamırdım, sadəcə komandanı izləyirdim. Komanda çox gözəl futbol göstərirdi, yüksək səviyyədə çıxış edirdi. Futbol belədir: bəzən yüksəlirsən, bəzən eniş olur. Ola bilsin ki, qışdan sonra hər şey daha yaxşı olsun. Buna ümid edirəm.

- Komanda daxilində buna inam var?
- Ümid edirik ki, keçən mövsüm olduğu kimi yenə çempionatı yuxarı yerlərdə başa vuracağıq.