AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib. Sport24.az milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, iclasda İntizam Komitəsinin çıxardığı qərarlardan verilən iki apellyasiya şikayətinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

 

I Liqanın III turunun "Karvan-Yevlax"la matçında qırmızı vərəqə alan "Zaqatala"nın futbolçusu Elxan Məmmədov və klubun cərimələnməsi ilə bağlı şikayət qismən təmin olunub. Qərara əsasən, oyunçunun 6 oyunluq cəzası 4 matça endirilib. Klubun 1000 manat cərimə edilməsi barədə qərar isə qüvvədə saxlanılıb.

 

U-10 Liqasında keçirilmiş "Karvan-Yevlax" – SUHB oyunu ilə bağlı Səyyar İsmayılovun müraciəti də qismən təmin edilib. Yevlax təmsilçisinin yarışlardan kənarlaşdırılması və 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə qərar ləğv olunub. Yeni qərara əsasən, Kamal İsmayılovun "Karvan-Yevlax" komandasının tərkibində müqaviləsi qeydiyyata alınmadan çıxış etməsinə görə komandaya yalnız həmin matç üzrə texniki məğlubiyyət verilib.

 

Hər iki şikayət qalan hissədə təmin edilməyib.