"Milli fasilənin yaranması futbolçuların fiziki və taktiki baxımdan durumlarını yaxşı vəziyyətə gətirməyimiz üçün bizə müəyyən imkanlar yaratdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri deyib.
Gənc mütəxəssis komandasının milli fasilədən necə yararlandığını və qarşıdakı "Baku Sportinq"lə görüşə hazırlıq prosesini dəyərləndirib:
"İki yoxlama görüşü keçirdik və həmin oyunlarda futbolçulardan istədiklərimi ala bildim. Bu matçlar həm komandamızın hazırkı vəziyyətini görmək, həm də üzərində işləməli olduğumuz məqamları müəyyənləşdirmək baxımından bizim üçün faydalı oldu. İndi isə diqqətimizi Birinci Liqanın növbəti görüşünə, "Baku Sportinq"lə matça yönəltmişik. Futbolçuların aylıq maaş büdcəsi 21 min manatdır. Bununla bağlı rəhbərlik və futbolçularla danışığımız olub. Aramızda belə bir fikir formalaşıb ki, bu imkanlar daxilində ən yaxşı yerləri tutmağa layiqik. Futbolçular da bunu anlayırlar və sağ olsunlar, qarşıya qoyulan məqsədlər üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. 21 min manatlıq heyətlə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Əsas məqsədimiz hər oyunda daha yaxşı çıxış etmək, inkişaf etmək və mövsümün sonunda mümkün olan ən yaxşı yeri tutmaqdır".
Qeyd edək ki, "Gəncəbasar" Birinci Liqada 3 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşıb.