Autsayderlə matçda xal itirəsən, məğlubiyyətdən sona 1 dəqiqə qalmış penaltidən xilas olasan - vahid liderliyə yüksələsən, liderdən xal alasan - son pilləyə düşəsən. Bu təzad, dünya futbolunda nadir nümunələrindən biri Premyer Liqamızın son turunda "Keşlə" - "Qarabağ" matçında (1:1) qeydə alındı. Hadisələrin belə gedişatı əsas onunla bağlı oldu ki, 1-ci pillədə olan "Neftçi" bu tur xalsız qaldı, 7-ci yerdə gedən "Sabah" isə 3 aydan artıq fasilədən sonra qələbə sevinci yaşadı. 

Yekun belə oldu ki, "Qarabağ" ikinci dövrənin sonuna yaxın itirdiyi 1-ci pillədəki yerini III dövrənin düz sonunda qaytardı. Maraqlıdı ki, Ağdam təmsilçisi II dövrədə ardıcıl 3 oyuna 18 qol vuraraq darmadağın etdiyi rəqibləriylə digər meydanda tam fərqli nəticələr göstərir. Gəlin, detallara varaq. Məlumdu ki, "Qarabağ" "Keşlə"ylə "Sumqayıt"ın hər birini "Azərsun Arena"da 6:1 hesabıyla məğlub etdi. Ancaq bu komandaları cari çempionatda səfərdə yenə bilmədi və yalnız heç-heçələrlə kifayətləndi - "Sumqayıt"la 2:2 və 0:0, "Keşlə"ylə 0:0, 1:1. "Neftçi"ni isə səfərdə 6 cavabsız qolla məğlub etsə də, evdə ondan 1 xal belə qopara bilmədi, eyni hesablı məğlubiyyətlərə uğradı - 1:2.  

"Keşlə"də yenə arzuolunmaz ssenari davam edir. Belə ki, Sənan Qurbanov baş məşqçi postuna gələndən sonra komanda bərabərliyə qaldığı matçlarda mütləq hesabı açan, sonda isə yalnız 1 xalla kifayətlənən tərəf olur. Bəlkə gənc mütəxəssis dediyi lənəti üzərlərindən götürmək üçün vəziyyəti 180 dərəcə dəyişdirsinlər? Yəni, "Keşlə" rəqibinə hesabı açmağa imkan yaratsın, sonra geridönüş edərək nəhayət, bu il Premyer Liqada ilk qələbəsini qazansın.

"Neftçi" baş məşqçisi Samir Abasovun keçmiş komandaların öhdəsindən hec cürə gələ bilmir. Bəli, bu, "Zirə" və "Sumqayıt"dı. Bu, azmış kimi, "ağ-qaralar" həmin komandalara qol da vura bilməyib. "Neftçi"nin "Zirə"ylə Kubokda da rəqib olduğunu nəzərə alsaq, ümumi oyun sayı 8 və deməli, qolsuzluq 720 dəqiqədi davam edir. Abasov hazırkı komandasında məğlubiyyətlərini hələ ki sabiq klublarından alıb.

"Neftçi"ni bu dəfə "Sumqayıt"dan Rəhim Sadıxov cəzalandırdı. Bu, Azərbaycana gələnədək Rusiyada müxtəlif klublarda çıxış etmiş, artıq millimizin də üzvü olan 25 yaşlı mərkəz yarımmüdafiəçisinin karyerasında ilk dubldu. Maraqlıdı ki, Rəhim "Sumqayıt"da ilk qolunu da məhz "Neftçi"yə vurub. Rəhimovun dubluyla "Sumqayıt" düz 50 gündən sonra qələbəyə sevindi. Belə ki, Ayxan Abbasovun komandası bunadək son qalibiyyətini III dövrənin startında evdə "Səbail" üzərində böyük hesabla qazanmışdı - 3:0. 

"Gənclik şəhəri"nin təmsilçisi bu qələbəylə 4-cü pillədə yerini bir qədər də möhkəmlətdi və ölkə Kubokunda da mübarizəni sürdürdüyünü nəzərə alsaq, avrokuboklara ardıcıl 2-ci il vəsiqədə böyük addım atmış oldu. "Sumqayıt"ın 3-cü pillədə gedən "Zirə"ylə xal fərqini cəmi 2-yə endirdiyini nəzərə alsaq, əslində, tarixində ilk medal uğrunda mübarizəyə girişərək, buna nail olması realdı. 

 

 

MEHMAN SÜLEYMANOV