"Hər iki komanda mənə yad deyil. Amma, bu gün "Kəpəz"in formasını geyinib "Səbail"i fikirləşməyim düzgün olmaz. Hazırda "Kəpəz"in uğurları üçün çalışıram. Mənim üçün "Səbail" səhifəsi bağlanıb". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in qış fasiləsində "Səbail"dən icarə əsasında götürdüyü Amil Yunanov deyib.

 


Premyer Liqanın XXII turunda "Kəpəz" "Səbail"i qonaq edəcək. Mövsümün ilk yarısını "dənizçilər"in düşərgəsində keçirən Yunanov oyundan öncə saytımıza açıqlama verib. Ötən tur Premyer Liqada 50-ci qolunu vuran forvard matçdan öncə şansları dəyərləndirib: "Digər oyunlara necə hazırlaşıramsa, "Səbail" ilə matça da eyni motivasiya məşq edirəm.  "Səbail"də işləyən tanışlarım, dostlarım var. Hamısı ilə münasibətim yaxşıdı. Amma, hazırda bütün diqqətim "Kəpəz"ə yönəlib. Bacardığım qədər komandama kömək etməyə çalışacam.
 "Səbail" zəif komanda deyil. Onların son turda "Qarabağ"la oyununa baxdım, çox yaxşı mübarizə apardılar. Heyətdə keyfiyyətli futbolçular var. Bu səbəbdən bizi heç də asan qarşılaşmanın gözlədiyini söyləmək olmaz".

 


Qeyd edək ki, "Kəpəz" – "Səbail" matçı fevralın 12-də Qəbələdə baş tutacaq.
Röyanə Oğuz