"İslandiyaya qarşı oyunla müqayisədə Fransa ilə matçda taktika düzgün seçilmişdi. Dünən keçirilən qarşılaşmada mərkəzdə pressinq edirdik. Demək olar ki, İslandlara qarşı oyunun son 15 dəqiqəsini Fransa ilə görüşdə gördük". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

Azərbaycan yığmasının sabiq baş məşqçisi, hazırda Məşqçilər Komitəsinin üzvü olan mütəxəssis yığmanın Fransaya uduzduğu oyunla bağlı fikirlərini bölüşüb:

"İlk dəqiqələrdə gözəl qol vurduq, amma ustalıq səviyyəsi özünü göstərdi. Rəqibin bəzi əsas futbolçusu Bakıya gəlməmişdi. Ancaq fransızlar bir neçə futbolçudan asılı olan yığma deyil. Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm dəstək oldular. Azarkeşlər Azərbaycan futbolunu, yığmasını sevir, arxasında dayanır. Yığmada oyun planında dəyişiklik olmalıdır. Hazırlıq klubdan başlayır. Futbolçularımız komandalarında daim oynamalıdır. Burda əsas məsuliyyət klublarda çalışan baş məşqçilərin üzərinə düşür ki, yığmanın futbolçularına daha çox şans versinlər. Fikir vermişəm, bəzi baş məşqçilər legionerlə yerli futbolçu eyni səviyyədə olanda daha çox əcnəbiyə forma geyinmək şansı verir. Bu, məqam məni çox ciddi düşündürür".

Qeyd edək ki, Azərbaycan – Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.