"Əvvəlcədən gözləyirdim ki, komandalarımız birinci təsnifat mərhələsini uğurla adlayacaq. Oyunların həftədə bir dəfə keçirilməsi müsbət məqamdır. Bu, komandalara hər matça daha yaxşı hazırlaşmaq imkanı yaradır. Hər üç klubun futbolçuları da anlayırlar ki, əsas məqsəd növbəti mərhələyə yüksəlməkdir". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.


Təcrübəli mütəxəssis avrokuboklarda Azərbaycan təmsilçilərinin ilk mərhələni uğurla keçməsini belə şərh edib:


""Sabah" Masazırda TNS-i 2:0 məğlub edəndə düşündüm ki, komanda daha çox qol vura bilərdi. Oyunda hiss olunurdu ki, hər bir futbolçu fərqlənmək və komandaya fayda vermək istəyir. Səfər oyununda ikinci qolu müdafiəçi Rəhman Daşdəmirovun vurması da xoş təəssürat yaratdı. Müdafiəçinin hücuma qoşularaq qol vurmaq istəyi komandanın düzgün oyun fəlsəfəsindən xəbər verir və bu, çox müsbət göstəricidir. İkinci mərhələdə rəqib Finlandiya təmsilçisi "KuPs"dır. Hesab edirəm ki, "Sabah" bu mərhələni də keçməlidir.

 

"Qarabağ"a gəlincə, komanda "Vestri" ilə oyunda yaxşı təsir bağışladı. Heyətdə yeni futbolçular var və onların komandaya tam uyğunlaşması üçün müəyyən zamana ehtiyac duyulur. "Zirə"yə gəlincə isə, məlum səbəblərdən komanda Konfrans Liqasında mübarizə aparmalı oldu. Çempionata hazırlıq planı dəyişsə də, qısa müddətdə böyük iş görülüb. Burada məşqçilər korpusunun əməyi xüsusi qeyd olunmalıdır".

 

Qeyd edək ki, gələn həftə artıq "Neftçi"də digər 3 təmsilçimiz kimi avrokuboklarda mübarizəyə qoşulacaq.