"Bakıya böyük klublar gəlir. Ən əsası, "Barselona" kimi möhtəşəm komandanı Bakıda görəcəyik. İndiki halda nə qədər belə klublarla oynasaq, bir o qədər yaxşıdır. Mən "Sabah"ın Çempionlar Liqasında layiqli mübarizə aparacağına inanıram". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərini dəyərləndirib:
"Təbii, istərdik ki, Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın qarşısına nisbətən münasib, ortabab klublar çıxsın. Amma reallıq budur ki, ÇL-in Liqa mərhələsində ortabab komanda yoxdur. Ola bilər, böyük klublar "Sabah"ı ciddi rəqib kimi görməsin və bizi qiymətləndirməsinlər. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, meydanda özümüzü göstərək və belə rəqiblərlə oynamaq imkanından maksimum istifadə edək. Çünki böyük komandalarla qarşılaşmalar həm futbolçular, həm məşqçilər, həm də klub üçün böyük təcrübədir. Təcrübə baxımından belə oyunlarda iştirak etmək çox vacibdir. Çempionlar Liqasına bütün dünya baxır. Bu turnirdə oynamaq futbolçular üçün də vitrin rolunu oynayır. "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış edəndə bunun nəticəsini gördük. Komandanın bir sıra futbolçuları diqqət çəkdi və sonradan onların daha aparıcı çempionatlara keçidi reallaşdı. Bu baxımdan "Sabah" üçün də Çempionlar Liqasında iştirak etmək böyük fürsətdir. Futbolçular meydana çıxmalı, özlərini göstərməli, böyük klubların və skautların diqqətini çəkməlidirlər. Oyna, səni izləsinlər, bəyənsinlər və transfer etsinlər. Belə turnirlər futbolçular üçün özlərini Avropaya təqdim etmək baxımından ən böyük platformalardan biridir".
Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.