"Sosial şəbəkələrdən oxuyuram ki, Qurban Qurbanov ikinci hissədə etdiyi dəyişikliklərə görə tənqid olunur". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.

Veteran futbolçu 12 ildən sonra avrokuboklardan kənarda qalan "Qarabağ"ı tənqid edənlərə cavab verib:

"Heyətdə dəyişiklik etmək baş məşqçinin işidir. Qalib gələndə yaxşı olur, məğlub olanda pis? "Qarabağ" səfərdə "Tvente"ni layiqli şəkildə minimal hesabla məğlub edə bilmişdi. Abdullah Zubirin heç olmasa bu matçda da meydanda qalması yaxşı olardı (gülür). Heyətdəki dəyişikliklər komandaya böyük təsir etdi. Futbolçuların bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Qarşıda daha güclü "Qarabağ" görəcəyik. Klub oyunçu alıb-satmalıdır, gəlir əldə etməlidir. Biz də deyirik ki, Kamillo Duranı satmasaydılar, yaxşı olardı. Amma məsələnin maliyyə tərəfləri də var. Onları da düşünmək lazımdır. Ona görə də heç kim "Qarabağ"ı qınamasın. "Tvente" Bakıda çox yaxşı oynadı".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun ümumi nəticəsinə (1:0, 1:3) görə uduzaraq mübarizəni dayandırıb.