"Növbəti illərdə futbolun inkişafı istiqamətində müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bura digər sahələrlə yanaşı, infrastruktur layihələri də daxildir". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli deyib.

 

Assosiasiya rəsmisi onu da əlavə edib ki, qarşıdan gələn ildə Tovuz şəhər stadionunun süni örtüyünün təbii qazona dəyişdirilməsi üçün qurumun büdcəsindən vəsait ayrılması nəzərdə tutulmayıb: "AFFA-nın 2025-ci il üçün büdcə layihəsi çərçivəsində görüləcək işlərlə bağlı müzakirələr demək olar ki, yekunlaşıb. Qarşıdakı ilin büdcəsində sözügedən məsələ ilə bağlı maliyyə ayrılması nəzərdə tutulmayıb".

 

Qeyd edək ki, bir neçə gün öncə "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev mətbuata açıqlamasında  Tovuz stadionunun örtüyünü dəyişmək istədiklərini bildirib. Onu da əlavə edib ki, xərclərin 50 faizini AFFA-nın qarşılaması üçün quruma müraciət edib.