Yanvarın 27-28-də Bakıda yerləşən "Wyndham Garden Baku" otelinin toplantı zalında FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin ekspertləri Raymondas Statkeviçius və Qaioz Darsadze tərəfindən hazırlanmış "Həvəskar Futbolun Mühiti" adlı hesabatın təqdimatı keçirilib. Sport24.az iki gün davam edən tədbirin əsas məqsədi Azərbaycanda mövcud olan həvəskar futbol mühitinin, bu sahədə fəaliyyət göstərən strukturların və onların fəaliyyət mexanizmlərinin hərtərəfli təhlilini aparmaq, mövcud vəziyyəti qiymətləndirmək, eləcə də həvəskar futbolun inkişaf perspektivləri ilə bağlı müzakirələr təşkil etmək olub.


Tədbir çərçivəsində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə tərəfindən iştirakçılara AFFA-nın dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi kütləvi futbol və sosial layihələrə dair statistik xarakterli məlumatlar təqdim edilib. Bununla yanaşı, iştirakçılar üçün interaktiv qrup işləri təşkil olunub, müvafiq mövzular üzrə fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar müzakirə edilib. Qrup müzakirələri zamanı yerli təcrübə, beynəlxalq yanaşmalar və inkişaf imkanları əsas diqqət mərkəzində saxlanılıb.


Tədbirin sonunda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov seminar müddətində fəal iştirak edən AFFA əməkdaşlarına, əməkdaşlıq edilən dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, klub təmsilçilərinə, həmçinin AFFA tərəfindən həyata keçirilən kütləvi futbol və sosial layihələrdə iştirak edən məşqçilərə AFFA adından təşəkkürünü bildirib.