"Milli komandamız Haiti ilə oyunda gözlədiyimdən də aşağı səviyyədə oynadı". Bu sözləri Sport24.az-a açıqlamasında futbol mütəxəssisi Adil Şükürov deyib.

 

O, yığmanın Sumqayıtda 0:3 hesabı ilə uduzduğu matçla bağlı fikirlərini bölüşüb:

"Bu şəhərdə ilk qarşılaşmanın olması oyunçulara motivasiya olmalı idi. Təəssüflər olsun ki, komandada o istəyi görmədik. Futbolçular sanki rəqibdən top almaq üçün təzyiq göstərir, amma qonaqlar bu təzyiqdən çox asan çıxaraq qapımız qarşısında təhlükəli epizodlar əldə edirdilər".

 

Şükürov buraxılan ilk qolda rəqib futbolçunun milli üzvünü rahatlıqla keçərək qapıya zərbə vurduğunu söyləyib:

"Qayıdan topda onların birdən-birə iki üzvü heç bir təzyiq görmədən topu qapımızdan keçirdirlər. Ən pis görünən isə oyunun sonlarında komandamızın futbolçularının 2 dəqiqəyə yaxın Haitili oyunçularından top ala bilməməsidir. Belarusla oyunda da komanda bu cür motivasiya ilə oyuna çıxsa, düşünürəm ki, bizi heç də yaxşı nəticələr gözləmir. Amma bunun olmaması üçün futbolçular özləri toparlanmalıdır, hansısa oyunçu liderlik etməli və komandanı öz arxasıyca aparmalıdır".

 

Qeyd edək ki, martın 25-də təşkil olunacaq Belarus - Azərbaycan görüşü saat 21:45-də start götürəcək.