"Yevlaxda gözəl bir ab-hava var idi. Bilirsiniz ki, bu, "Aran derbisi" gedir. Yevlaxla Mingəçevir arasında həmişə gərgin mübarizə şəraitində keçən oyun olub. Rəqib də gözəl mübarizə apardı. Onlar da qələbə qazanmaq istəyirdi, biz də. Stadionda çox gözəl atmosfer vardı. Mingəçevirdən də azarkeşlər gəlmişdi, bizdən də xeyli insan tribunalarda matçı izləyirdi". Bu fikirləri Sport24.az-a açıqlamasında Yevlaxın "Karvan" klubunun baş məşqçisi Kənan Kərimov deyib.

I Liqada yeni mövsümün açılış matçı dünən Yevlaxda olub. Belə ki, yerli "Karvan" doğma meydanda "Mingəçevir"i böyük hesabla məğlub edib - 4:1. Kərimovun fikrincə, komandası gərgin dueldə layiqli mübarizə apararaq qələbə çalıb: "Karvan" bu qələbəyə layiq idi. Mənim üçün fərqi yoxdu komandam bu gün 1:0, 2:0, yaxud 4:1 uddu. Əsas qalibiyyətdi ki, onun da öhdəsindən futbolçularım layiqincə gəldi. Belə deyək, şans gətirdi, qırmızı vərəqələr də hardasa öz təsirini göstərdi. Bizdən 1, onlardan 2 futbolçu meydandan qovuldu".

Məlumdu ki, açılış matçı insidentsiz də ötüşməyib. Belə ki, "Karvan"ın kapitanı Müşfiq Teymurovun mingəçevirli azarkeşlərə qeyri-etik jesti meydanda aranın qarışması, dava düşməsiylə nəticələnib. Yekunda Müşfiq də daxil olmaqla 3 futbolçu qırmızı vərəqə alıb. Kərimov təcrübəli futbolçusunu sərt şəkildə tənqid etdi: "Bildiyiniz kimi, Region Liqasında Mingəçevir təmsilçisi ilə mübarizə aparmışdıq və o zaman rəqibin azarkeşləri bizim futbolçular barəsində bəzi ifadələr işlətmişdi. Müşfiq də kapitan olaraq bunu "həzm etməmişdi", bu dəfə aqressiyasını göstərdi. O, qoldan sonra peşəkar futbolçuya layiq olmayan bir hərəkət elədi. Bugünkü gündə onu müdafiə eləmirəm, düz etməyib. Əksinə, onu oyundan sonra danlamışam, tənqid eləmişəm ki, səhv hərəkət etmisən. Gedib azarkeşlərə əlinlə nəyisə göstərmək düzgün şey deyil. Bu, heç bir peşəkarlığa sığmır. Nəticədə ara qarışdı, özü də "qırmızı" aldı, rəqibdən də 2 futbolçu. İstəməzdik ki, belə olsun. Çünki artlq hesab 3:0 idi və bizə ehtiyac yox idi belə şeylərə getməyə  Bəlkə də o uşaqlıq, qeyri-peşəkarlıq elədi".

Baş məşqçi vaxtilə Premyer Liqada oynamış 30 yaşlı Teymurovun klub daxilində də cəzalanacağını vurğulayıb: "Əlbəttə, bunun üstündən keçməyəcəyik. Müşfiqə son xəbərdarlığımı etmişəm. Bu, hansısa bir matçda təkrarlanarsa, onun üçün yaxşı nəticələnməyəcək. Onu da deyim ki, "Mingəçevir"lə münasibətlərimizdə yenə hər şey öz qaydasındadı. Çünki bu klubun rəhbərliyi ilə dost münasibətlərimiz var. Hansısa bir insident o münasibəti korlaya bilməz. Bu, mümkün olan bir şey deyil. Çünki oyundan sonra da onların rəhbərliyi ilə görüşmüşük. Nə oldu, stadionda qaldı".

 

MEHMAN SÜLEYMANOV