Misli Premyer Liqasında "Kəpəz"dən sonra 2-ci baş məşqçi istefası "Sumqayıt"da gözlənilir. Hər halda, Aleksey Baqanın komandası bu mövsüm hələ də qələbə üzünə həsrətdi, 7 oyuna vurduğu 1 qol da penaltidən olub. İşsiz yerli mütəxəssislər arasında ilk növbədə Samir Abasovun adı hallanır ki, bu da təsadüfi deyil. Çünki Azərbaycan çempionu bu komandanın baş məşqçisi, Premyer Liqada ilk iş yeri yaşadığı Sumqayt şəhərin eyniadlı təmsilçisi olub. Bu yay "Neftçi"nin başa çatan müqaviləni uzatmadığı 44 yaşlı Abasovla "Sumqayıt"a dönmək perspektivi haqda söhbətləşdik.
- Son günlərdə təklif almısınız? Əsasən də "Sumqayıt"a qayıtmaqla bağlı...
- Xeyr, belə bir şey yoxdu konkret.
- Bəs, qeyri-rəsmi söhbət?
- Yox, qeyri-rəsmi söhbətlərə getmirəm.
- Olsa, bu variant sizə nə dərəcədə cəlbedici ola bilər?
- Yəni, oturub danışılasıdı. Səni razı salacaqlarsa, olsun da, fərqi nədir ki...Hara olur-olsun deyəndə ki, bizə uyğun komandadırsa, problem deyil. Sadəcə, danışıqdan asılıdı.
- Hər halda, Sumqayıtın həm şəhər, həm adını daşıyan klub olaraq qəlbinizdə xüsusi yeri var. "Sumqayıt" məşqçilik karyerasında sizin üçün bir tramplin də olub...
- Tramplin deyəndə ki, şəhərdi də. Fərqi yoxdu, burdan ora 30 km-di. Sumqayıtdan bu qədər məsafə qət edəndən sonra Bakı gəlir. Doğrudan da fərqi yoxdu. Olacaq "Sumqayıt", olmayacaq başqa komanda. Ümumiyyətlə, olmayacaq, yenə problem olmayacaq.
- "Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə münasibətləriniz...
- Belə normaldı. salam-əleyküm, əleykum-salam, vəssalam! Münasibət gəlib hansısa həddə çatmaq üçün gərək bir yerdə işləyəsən. Biz də bir yerdə işləmədik, eləmədik. Bir yerdə olmadıq axı ki, münasibətdən bu gün danışaq.
- "Sumqayıt"ın cari mövsümdə çıxışı bir futbol mütəxəssisi, bir sumqayıtlı olaraq sizdə necə təəssürat oyadır?
- İndi futbola azarkeş kimi baxıram. Biri var işləyəndə nəyəsə mütəxəssis kimi baxırsan, izləyirsən. Çünki nə vaxtsa sənə, sənin komandana qarşı oynayacaq. Bu gün sırf azarkeş məni və digər sumqayıtlılar kimi komandanın bugünkü durumu çox üzür. "Sumqayıt" ən azından əzəmətli - bunu deyəndə böyük çıxmasın - möhkəm komandaya çevrilmişdi. Hətta liderlər də bilirdilər ki, hara gəlirlər. "Sumqayıt"dan çəkinirdilər deməzdim, ehtiyatlanırdılar. Mən özüm "Neftçi"də işləyəndə bilirdim ki, "Sumqayıt" nə dərəcədə önəm kəsb edirdi bir rəqib komanda kimi. Amma bu vəziyyətə düşmək də normaldı, futbolda belə şeylər olur. Hər məşqçinin də başına gələ bilər. İnşallah, düzələr, inanıram ki, bu, olar. Yenə deyirəm ki, vallah, bu gün baxdığım sırf azarkeş kimidi. Bu gün ona baş qoşub müzakirə də açmaq istəmirəm ki, bu, niyə belədi, bu futbolçu niyə belə oynadı.
- Bu mövsümədək "Sumqayıt"ın bütün baş məşqçiləri gileylənirdi ki, nəticə baxımından qabağa getmələrinə əngəl olan amil legionerlərin transferinə icazə verilməməsidi. Amma bu yay klubun Müşahidə Şurası səviyyəsində qərar verildi ki, bunu reallaşdırmaq olar. Strategiyanın dəyişdirilməsindən sonra böyük ümidlər vardı ki, vəziyyət daha yaxşı olacaq. Amma zaman göstərir ki, "Sumqayıt"a cəlb olunan çoxsaylı legionerlər yararsızdı...
- Biz özümüz özümüzü aldadırıq. Mən də o aldananaların içində olmaq istəmirəm. Həmişə düzünü danışmışam, reallığı demişəm. O boş söhbətdi, legioner də olub "Sumqayıt"da - mən gedəndən sonra. İranlılar, Rusiyadan gələnlər legioner deyilsə, nədi? Sadəcə, bu məsələ rəsmiləşdi. Bundan əvvəl qeyri-rəsmi yolla görülən işlər rəsmiləşdi, vəssalam! Bu gün Əli Qurbani də legionerdi, Höccət Haqverdi də, bundan əvvəl oynamış Peyman Babayi də. Min nəfər gəlib, hamısı da legionerdi. Nə olsun ki, onlara pasport verilib? Onlar legionerlər idi konkret, sadəcə, indi məsələ rəsmiləşdi. Mənim vaxtımda axırıncı mövsümdə olan komandada demək olar hamısı azərbaycanlılar idi. "Sumqayt"ın tarixində birinci dəfədi Avropadan, Portuqaliyadan legionerlər gətirilib. Birinci dəfəyə bağlamaq olar ki, təcrübə yığınca futbolçular gətirmək baxımından, buna vaxt lazımdı. Onlar da yavaş-yavaş düzələcək. Başa düşürsən, bu, belə qalmaz. "Sumqayıt"a icazə verdilər, belə uğursuzluq oldu, olur da belə şeylər. Kimdə olmur ki?
- Samir Abasov gəlsə, özündə güc tapa bilərmi hazırkı komandanı bu vəziyyətdən çıxarsın?
- Hansı komandanı, Mehman?
- "Sumqayıt"ı da təbii ki, söhbətimiz bu komanda ətrafındadı...
- Bu komandada deyiləm axı, güc da tapım onu çıxarım (gülür). Niyə bu komandaya calayırsınız ki..."Sumqayıt"da deyiləm, amma Samir Abasovu yaxşı tanıyırsan. "Sumqayıt" olmur, hara olur-olsun, inşalah, işlədiyi yerdə çalışır.
- Bəzi həmkarlarınız deyir ki, həmkarım haqda danışmağım, işinə qiymət verməyim düzgün deyil. "Sumqayıt"ın tarixində ilk əcnəbi baş məşqçi olan Aleksey Baqa postsovet məkanında tanınmış mütəxəssisdi, uğurları olub. Kənardan belaruslu həmkarınızın məşqçi kimi işi görünürmü?
- Yenə deyirəm ki, bu gün Baqanın başına gələn Samirin də başına gələ bilər. Başa düşürsən, istədiyini almaya bilər, bu, olanda kənardan heç nə görünməyə bilər. Bu gün Baqanın başına gələn qlobal bir şey deyil. Sadəcə, bir baş məşqçi kimi onu anlayıram. Alınmısa, getməyini də başa düşəcəm, qalıb, nəyisə düzəltmək istəyini də. Futbolda belə bir şeylər var. Bu gün "Sumqayıt" olmasın, başqa komandalar olsun. Guya nə qədər çempionatımıza əcnəbi baş məşçqi gələrək uğursuzluqları olmayıb? Olur qardaş, olur. Bu, normal bir şeydi vallah.
MEHMAN SÜLEYMANOV