Ötən gecə milli komandamız UEFA Millətlər Liqasında 5-ci oyununa çıxdı. Canni de Byazinin komandası səfərdə Slovakiyanın qonağı idi. 

Start heyətinə nəzər saldıqdan xüsusi diqqət mərkəz yarımmüdafiəçilərinə yönəlirdi. Həm Riçard Almeyda, həm Emin Mahmudov, həm də Eddi İsrafilov universallığı ilə seçilir. Bu cür orta sahə quran komandaya qarşı oynamaq kifayət qədər çətin olur. Çünki onların hər biri həm 6, həm 8 həm də 10 nömrə mövqeyində oynaya bilir. Böyük ehtimalla məhz bu səbəbdən meydan sahibləri ilk 45 dəqiqədə hücumda bir o qədər də uğurlu deyildilər. Əvəzində yığmamız daha koloritli təsir bağışlayırdı. Ön xətdə qərarlaşmış Renat Dadaşov olduqca aktiv idi. İsveçrə  “Qrasshoppers”inin hücumçusu rəqib müdafiəçiləri daimi gərginlikdə saxlayırdı. Fasiləyə 1 dəqiqə qalmış Ozan Can Kökçünün çox sərt ötürməsinə baxmayaraq, Renat topu sinəsiylə ram etməyi bacardı. Doğrudu, müdafiəçinin pressinqi ilə Dadaşov iti bucaq altına düşdü, amma cərimə meydançasında olan forvard minimal şansdan maksimal yararlanmağı bacardı: topu yaxın “doqquzluğ”a göndərən 20 yaşlı futbolçu bununla da milli karyerasında ilk qolunu vurmuş oldu. 

Təəsüf ki, ilk 45 dəqiqədə gördüyümüz milli fasilədən sonra fərqli obrazda ortaya çıxdı. Slovakların təzyiqi, yüksək pressinqi qarşısında aciz görünən komandamız əla oyun keçirən Şahrudin Məhəmmədəliyevlə bəxtə minnətdar olmalıdır. De Byazinin 72-ci dəqiqədə əl atdığı ikili əvəzetmə də oyunda tarazlıq yaratmadı: Almeydanın əvəzinə Aleksey İsayev, Kökçünün isə Amin Seydiyev döyüşə atıldılar. Bundan sonra yığmamız 5 müdafiəçi ilə oynamağa başladı. Höccət Haqverdi sağ cinah müdafiəçisi (?!?!?!) mövqeyindən mərkəzə gətirildi. Ancaq meydan sahiblərinin təzyiqi yenə də azalmadı. Nəhayət, hakimin əsas vaxta əlavə etdiyi 2-ci dəqiqədə İsayev cərimə meydançasında qaydanı pozaraq, hamımızın əhvalını da pozdu. “Qarabağ”ın qolkiperi Erik Yirkanın penalti zərbəsinin istiqamətini düzgün müəyyənləşdirsə də, zərbə qüvvətli və dəqiq alındığından qarşısıalınmaz oldu: 1-1.

Ancaq Aleksey korladığı əhvalı qaydasına salan hərəkəti ilə də yadda qaldı. Fərdi pressinqi tətbiq edən “Sabah”ın yarımmüdafiəçisi rəqib müdafiəçinin top itkisinə müyəssər oldu. Ardınca Ramil Şeydayevdən topu qəbul edən İsayevin zərbəsi mudafiəçiyə deyərək "çərçivə"dən yan keçdi. Lakin qazanılan künc zərbəsindən sonra Höccət başla matçda son nöqtəni qoydu. 

Əlbəttə, bundan bir qədər öncə Belarusu məğlub edərək qrup liderliyini təmin edən Qazaxıstanın slovakların “kefinə soğan doğradığı”nı iddia etmək olar. Millimizin fasilədən sonra zəif təsir bağışladığını da demək lazımdı. Ancaq bizə bu gün qələbə lazımdı. Ona görə lazımdı ki, futbolçularda özünəinam yaransın. Və tariximizdə rəsmi görüşlərdə ən üst sırada (FİFA-nın sıralamasında Slovakiya 51-cidi) dayanan komandanı səfərdə ilk dəfə məğlub etdik. Təşəkkür etmirik, amma təbrik edirik!

Sonda bir məqama da toxunaq. Matçdan sonra keçirilən mətbuat konfransında Canni de Byazi “gənc komandamız var”, deyib. Bu sətirlərin də müəllifi eləmə tənbəllik, hesabla start heyətində meydana çıxan futbolçuların yaşını. Ümumilikdə 301 yaşı olan komandamız var. Orta yaş həddi isə 27, 36. Sən Allah, bu yaşda gənc komanda olar?

P.S. Slovakiya yığmasının start heyətində çıxan futbolçuların ümumi yaşı 286-dı. Yəni, bizimkilərdən 15 yaş kiçik. Orta yaş həddi isə 26-dı. 

 

 

CEYHUN ƏLİYEV